BAKI, 12 oktyabr — Sputnik. Oktyabrın 8-də Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir.
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə ilə əlaqədar Qazaxıstan Daxili İşlər Nazirliyinə, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Türkmənistan Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müraciət olunub. Həmçinin, xilas olunmuş 3 nəfər balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub. Axtarışlar nəticəsində "ABA1074" seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.