Səudiyyə Ərəbistanını İrandan qorumaq üçün ABŞ-a pul ödəyəcək

Daha əvvəl Pentaqon neft sektoruna hücumla bağlı Səudiyyə Ərəbistanına əlavə 3 min hərbçi və yeni silahların göndəriləcəyini açıqlayıb.
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanı həmin ölkədə əlavə hərbçilərin yerləşdirilməsinə görə Birləşmiş Ştatlara ödəniş etməlidir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib.

"Biz Səudiyyə Ərəbistanına əlavə qoşunlar göndəririk. Səudiyyə Ərəbistanı mənim xahişimlə bizim onlara köməyimizə görə ödəniş etməyə razılıq verib. Biz bunu qiymətləndiririk", - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Pentaqon neft sektoruna hücumla bağlı Səudiyyə Ərəbistanına əlavə 3 min hərbçi və yeni silahların göndəriləcəyini açıqlayıb. Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bəyan edib ki, Səudiyyə Ərəbistanına göndərilən hərbçilərin missiyası bu ölkəni İranın hücumlarından qorumaqdır.