BAKI, 12 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosu oktyabrın 13-nə gözlənilən hava şəraiti haqqında məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gündüz əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-24° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-7° isti, gündüz 12-17° isti təşkil edəcək.