CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacıqabuldakı “Nar vadisi”nə aqrotur təşkil edilib

Xatırladaq ki, "Nar vadisi" 2009-cu ildən qurulub. Bu vadidə hər hektardan 35-40 ton məhsul yığılır.
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Bu gün "Şəhərdən Kəndə" aqroekoturizm layihəsi çərçivəsində Hacıqabul rayonunun Meyniman kəndindəki "Nar vadisi"nə aqrotur təşkil edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, aqrotur Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə baş tutub. Aqroturda Azərbaycandakı diplomatik korpusların nümayəndələri də iştirak ediblər. "Aqrar Tədarük və Təchizat"ın İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib ki, aqroturun məqsədi bu ərazidə yetişən yeni nar növü ilə ictimaiyyəti tanış etmək, Hacıqabulun gözəl guşəsini təqdim etməkdir: "Nar vadisi"ində aqrar turizmin inkişafı üçün hər cür şərait yaradılıb. Burada mina - yüksək keyfiyyətli, şirin nar növü yetişdirilir".

Bundan başqa, onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Turizm Agentliyi ilə birgə həyata keçirdiyi "Şəhərdən kəndə" layihəsi 2 il ərzində həyata keçiriləcək: "2 il ərzində ölkənin Şimal və Şimal-Qərb bölgəsində aqroekoturizmin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Layihə çərçivəsində 500-ə yaxın fermerlə maarifləndirmə işləri aparılacaq".

UBDP-nin rəhbəri Aleksandro Frakassertti deyib ki, rəhbərlik etdiyi qurum bu kimi layihələrə dəstək verib: "Aqroekoturizm biznes sahəsi üçün cazibədar layihədir. Ümid edirəm ki, bu kimi layihələrin sayı artacaq. "Nar vadisi"ində yeni nar növü yetişdirilir. Bu ərazidə həmçinin atçılıqla da məşğul olmaq üçün şərait yaradılacaq. Biomüxtəlifliyin qorunması bizim üçün vacibdir. Bir neçə ildir ki, Azərbaycanda biomüxtəlifliyin qorunması üçün bir sıra layihələr həyata keçiririk".

Xatırladaq ki, "Nar vadisi" 2009-cu ildən qurulub. Burada hər hektardan 35-40 ton məhsul yığılır.