SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Leyla Abdullayeva: “Savarş Köçəryan erməni xalqını aldatmaqla məşğuldur”

“Hüquq isə yalanı sevmir və beynəlxalq hüquq prinsiplərinin əks olunduğu sənədlər kifayət qədər açıq dildə və aydın şəkildə yazılıb”
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. "Ermənistan xarici işlər nazirinin müavini öz yalanları ilə erməni xalqını aldatmaqla məşğuldur. Onun beynəlxalq hüququn “xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının Ermənistan Respublikasının təcavüzkar əməlləri ilə dəstəklənən qanunsuz zorakı separatçılıq cəhdləri ilə eyniləşdirməsi tarixi saxtalaşdırmaq və hüquq prinsiplərini yalan əsasında yozmaq deməkdir".

XİN Şuşadakı Yuxarı Gövhərağa məscidində təmirlə bağlı məlumatlara münasibət bildirdi

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Xankəndidə keçirilən forumda söylədiklərinə münasibət bildirərkən deyib.

"Hüquq isə yalanı sevmir və beynəlxalq hüquq prinsiplərinin əks olunduğu sənədlər kifayət qədər açıq dildə və aydın şəkildə yazılıb. Əgər Ş.Koçaryanın BMT Nizamnaməsindən, BMT TŞ qətnamələrindən, ATƏT-in Helsinki Yekun Aktından, eləcə də sovet dövründə qanunsuz separatçı meyllərlə bağlı SSRİ Ali Sovetinin qəbul etdiyi qərarlarından xəbəri yoxdursa, o zaman Ermənistan xarici işlər nazirinin müavininə yalnız təəssüf etmək olar. Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində hazırlanaraq həyata keçirilən və məhkəmə qərarı ilə təqsirkar bilinən 92 nəfər arasında ermənilərin olduğu Sumqayıt hadisələrinin təhrif edilməsi onu göstərir ki, növbəti dəfə Ermənistan tərəfi öz məsuliyyətini başqasının üzərinə atmağa cəhd edir. Bu gün bölgədəki cari vəziyyətin, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin beşdə birinin hərbi işğal altında olmasının, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində olmasının yeganə səbəbi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi təcavüzkar və ilhaqçı siyasətidir. Münaqişənin həlli üzrə danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında aparılır və aparılan danışıqların əsas prinsipləri və mahiyyəti dəfələrlə həmsədr ölkələri tərəfindən ifadə edilib. Ş.Köçəryanın münaqişənin mahiyyətini və danıqşıqlar prosesini mənasız və əsassız şəkildə təhrif edilməsi cəhdi ucuz erməni təbliğatından başqa bir şey deyildir", - L.Abdullayeva bildirib.