CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəmiryolçular peşə bayramını qeyd etdilər

Uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu yük daşınmasına olan tələbatın artması səbəbindən inkişaf edərək təkmilləşib
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, dəmiryolçular öncə Fəxri Xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra tədbir "Azərbaycan Dəmir Yolları" QSC-də davam etdirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxışında bildirib ki, Azərbaycanda dəmir yolunun təməli 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb: "Uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu yük daşınmasına olan tələbatın artması səbəbindən inkişaf edərək təkmilləşib".

Sədr qeyd edib ki, Prezident İlham Əliyev 2005-ci il oktyabrın 7-də "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil dəmiryolunun yarandığı gün - Azərbaycan dəmir yol işçilərinin peşə bayramı günü kimi qeyd edilir, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

Sonda bu ilin avqust-sentyabr aylarında Nabrandakı "Lokomotiv" İstirahət Mərkəzində keçirilən dəmiryolçuların idman spartakiadasının qaliblərinə kuboklar, pul mükafatları və diplomlar, bir qrup dəmiryolçuya "Fəxri dəmiryolçu" döş nişanı və bayram hədiyyələri təqdim olunub.