CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yuxuda olan arvadını qantellə öldürdü

İ.Əkbərov təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 9-da 1965-ci il təvəllüdlü İlham Əkbərov yaşadığı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mənzilində arvadı, 1983-cü il təvəllüdlü Cavahir Əkbərovanı öldürüb.

Paytaxtda qadına 18 bıçaq zərbəsi vurdular

Sputnik Azərbaycan Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun məlumatına istinadla xəbər verir ki, faktla bağlı Nizami rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərovun qısqanclıq zəminində metaldan olan idman aləti (qantel) ilə yatmış vəziyyətdə olan arvadı C.Əkbərovanın başına vurmaqla qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

İ.Əkbərov təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.