CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: Psixoloji problemli kişiləri dünyaya gətirənlər də qadınlardır

Son bir həftə ərzində ölkədə 10-a yaxın qadına qarşı zorakılıq faktı qeydə alınıb. Bunlardan 4-ü ölümlə nəticələnib.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Son bir həftə ərzində ölkədə 10-a yaxın qadına qarşı zorakılıq faktı qeydə alınıb. Bunlardan 4-ü ölümlə nəticələnib. Milli Məclisin Ailə,Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı Sputnik Azərbaycan-a müsahibəsində cəmiyyətdə qadına qarşı olan bu aqressivliyin səbəblərini açıqlayıb.

Azərbaycanda dəhşət: Qadını ata bağlayaraq sürüyüblər

- Ölkəmizdə demək olar ki, hər gün qadınlara qarşı zorakılıq halları müşahidə edilir. Bu hal rəhbərlik etdiyiniz komitəni nə dərəcədə narahat edir? Bunun qarşısının alınması üçün hansı işlər görülür?

- Komitədə olan deputatlar da insandırlar. Bu məsələlər hər bir vətəndaşı narahat etdiyi kimi, bizi də narahat edir. Baş verən hadisələr göstərir ki, zorakılığa ən çox qadınlar məruz qalsa da, uşaqlar və kişilər də şiddətin qurbanı olurlar. Bu səbəbdən də, kimliyindən asılı olmayaraq, bütün zorakılıq hallarını qınayırıq. Qanunvercilikdə zorakılıq halları cinayət və inzibati məsuliyyət yaradır. Əgər belə hallar olursa, tərəflər və yaxud hadisədən məlumatı olan şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Çox vaxt bu hadisələrin qurbanları başlarına gələnləri, ailənin psixoloji durumunu gizlədirlər. Deyə bilmirlər ki, ailədə həyat yoldaşı pis vərdişlərin aludəçisidir, psixoloji durumu yerində deyil. Onlar başlarına gələnlər haqda məlumat vermək qərarına gələndə isə artıq gec olur. Vətəndaşlar qanunları bilməsələr də, ən azından bilməlidirlər ki, başlarına cinayət tərkibli hadisə gələndə ilk olaraq "102" məlumat xidmətinə zəng etməlidirlər. Bir əmrlə zorakılıq hallarının qarşısını almaq olmaz. 

Paytaxtda qadına 18 bıçaq zərbəsi vurdular

Hər bir ailə özü üçün kiçik bir dövlətdir, onun öz qanunları, münasibətləri var. Biz bilmirik ki, bu ailə sevgi, hörmət üzərində qurulub, yoxsa qadını zorla ərə veriblər. Biz zorakılığın baş verdiyi ailədə mühitin, iqlimin necə olduğunu bilmirik. Bilmirik ki, dünyaya gələn uşağı bunlar istəyib, ya yox. 

Burada insanların təhsilli, məlumatlı və mütaliəli olması vacibdir. Psixoloji problemli kişiləri dünyaya gətirənlər də qadınlardır. Ailə bir kişidən və ya bir qadından ibarət deyil. Zorakılıq qurbanı hər bir şəxs ola bilər. Siz baxın "Qocalar evi"ndə nə qədər övladı olan ahıl insan var. Onlar ora könüllü getməyib ki. Bu da zorakılığın bir növüdür. Uşağını döyən ata ona nə tərbiyə verə bilər?! 

- Sizcə qadına qarşı zorakılığın səbəbləri nədir?

- Pis vərdişlər, tüfeyli həyat, ailədaxili münaqişələr və onların gizlədilməsi zorakılıq hallarına əsas səbəbdir.

Bu gün Goranboyda qadını döyərək ata bağlayıb, sürüyüblər. Bunu edən ki, kişi deyil. İnsanlarda bu qədər hikkənin, aqressiyanın, paxıllığın səbəbi nədir?! Qadını döyüb ölümcül hala salanda digər qonşular görməyib?! Əlbəttə görüb. Biganəlik. Mənə aid deyilsə, nə olursa olsun. Bəzən deyirlər ki, kasıblıq, maddi sıxıntılar var. Əvvəl də var idi. Ailədə 5-6 uşaq olurdu. Uşaqlar bir-birinin yamaqlı paltarı ilə gəzirdilər. Onlarda nə qədər səmimiyyət, mehribanlıq var idi. Hamı işləyirdi.

Deputat: "Bir adam çıxmayıb ki, ona bir yumruq vursun, qadını əlindən alsın"

İndi bilirsiniz vəziyyət necədir? Hamı çalışır ki, öz uşağının əlilliyini qeydiyyata aldırsın, uşaq pulunun arxasınca qaçsın. Maraqlıdır ki, dünyaya uşaq gətirən ər-arvad o uşağın pulu ilə yaşamaq istəyir. Necə olur, ailə qururlar, dövlət baxmalıdır, uşağını atır, dövlət baxmalıdır, aliment məsələsi, dövlət etməlidir. Bəs o zaman bu ailə nə üçündür? O zaman uşaqlar dünyaya gəlsin və hamı internatda böyüsün. Bu düzgün yanaşma deyil. İnsanlarda məsuliyyət hissi yoxdur.

- Müvafiq qanunların sərtləşdirilməsi istiqamətində hansı işlər görülür, hansı təkliflər var?

- Biz humanist, hüquqi dövlət kimi ölüm hökmündən imtina etdik. Bir anlıq düşünün ki, bu hökm geri qaytarıldı. Nəsə dəyişəcək? Bu hadisələr azalacaq? Ailələrdə şiddət olmayacaq? Biz bu günlərdə uşağı döyüb öldürən, qadına işgəncə verən insanlar haqqında dinləmələr keçirəcəyik. Ömürlük həbs cəzası olsun, bu şiddət bitəcəkmi? Fikir verin, nə qədər məhkumlar azadlığa çıxandan sonra yenidən cinayət törədiblər. Yəni bütün cəmiyyət buna münasibət bildirməlidir. İnsanlar müayinələrdən keçən zaman psixoloji müayinədən də keçməlidirlər. Biz ailə psixoloqu məsələsini qaldırmışıq. Bu çox vacib məsələdir.

Bakıda ərəb sürücü süpürgəçi qadını öldürdü

Necə olur ki, atası ilə eyni avtomobildə olan oğlan düşüb yoldaşını öldürür? Deməli, bu şəxs atasına da hörmət eləmir. Əgər bu adam onun dünyaya gəlməsinə səbəb olan insana hörmət etmirsə, düşünün ki, cəmiyyətdə nələr baş verir.

Baxın, Ailə Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi, "Uşaq hüquqları haqqında", "Məişət zorakılığı haqqında" qanunlarda zorakılıq halları ilə bağlı xeyli sayda müddəalar yer alıb. Dövlətimiz qanunların humanistləşməsinin tərəfdarıdır. Ancaq heç bir cinayət cəzasız qalmır. Cəza islah olunmaq üçündür. Yaxşı olardı ki, insanlarımız hüquqlarından xəbərsiz olmasınlar. Yəni hər bir insan bilməlidir ki, onun hərəkətinin cəzası nədir.

Bəzən insanlar o qədər emosional olur ki, qanun-qaydanı da, ata-ananı da, etdiyi hərəkətin nəticəsini də unudur. İndi baxın ki, bu ailədə vəziyyət, iqlim necədir.

Çəpər qonşusunu kəndirlə bağlayıb döyürsən, sürüyürsən. Bu insanlığa sığan haldırmı? İnsanlar tək özünü deyil, başqalarını da düşünməlidir. Bu olmayandan sonra hansı humanistlikdən danışmaq olar?

Qadın dünyaya uşaq gətirəndə düşünməlidir ki, onu necə tərbiyə edəcək. Ailədə qıza deyirlər ki, "sən başını aşağı sal, heç kimə qarışma". Amma oğullarını başqa tərbiyə ilə böyüdürlər. Uşağın tərbiyəsi doğulandan olmalıdır. Əvvəl ailədə, sonra məktəbdə, sonra həyatda. Uşağa əsas tərbiyə evdə verilməlidir.

Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı

Ailə planlaması var. Əgər bir uşağa tərbiyə verə biləcəksənsə, birini dünyaya gətir, 10 uşağa tərbiyə verə biləcəksənsə, 10-nu gətir. 

Ailədə şiddət varsa, bunu heç bir qanun nizamlaya bilməz. Fikir verirsinizsə, ictimai qınaq da yoxdur. Qadın döyülür, kənardan baxanlar yaxın gəlmir. Yaxın gəlsə, qadın qalacaq kənarda, onu xilas etməyə çalışan adamı vuracaqlar. Qadın özünə güvənirsə, ona qarşı kimsə zorakılıq edə bilməz. Şiddət görən qadınların çoxunun problemi təhsilsizlikdir. O düşünür ki, döyüb-söysə də, əri evə pul gətirir. Qadın irəli gedərsə, bütün cəmiyyət irəli gedər. Təhsilsiz qadının hədəfləri də aşağı olur.

- Aqiyə xanım, qızlarımıza nə tövsiyə edərdiniz?

- Qızlarımıza tövsiyə edirəm ki, 18 yaşında ailə qurmağı düşünməyin. Yaxşı təhsil alın, öz əlinizin çörəyi olsun, sonra ailə qurun. Ailə quranda da baxın ki, getdiyiniz adam kimdir. Deyirlər ki, ailə qurdum, bir aya anladım ki, yola gedə bilmirik. Kim sənə demişdi ki, belə tezliklə qərar ver. Qanunları bilmək, özünü müdafiə etməyi bacarmaq lazımdır. Yaxşı təhsil almaq, mütaliə ilə məşğul olmaq lazımdır. Qadınlar öz hüquqlarını bilməlidirlər, bu istiqamətdə maarifləndirilməlidirlər. Bununla bağlı dövlət qurumları, ayrı-ayrı təşkilatlar və QHT-lər var. Onlara "SOS" siqnalı verməyin vaxtı çatıb.