BAKI, 10 oktyabr — Sputnik. Türkiyə ordusu Suriyanın şimalında yerüstü əməliyyatlara başlayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bizim hərbçilər Azad Suriya Ordusu ilə birlikdə Fəratın şərqinə doğru "Sülh bulağı" əməliyyatının yerüstü hissəsini gerçəkləşdirirlər", - məlumatda deyilir.
Xatırladaq ki, bu gün Türkiyə Suriyanın şimal hissəsində "Sülh bulağı" əməliyyatına başlayıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O vurğulayıb ki, Türk ordusu "Sülh bulağı" adlı əməliyyat çərçivəsində Suriyanın şimalını YPG terrorçularından təmizləyəcək.
Suriyanın dövlət telekanalı "Ikhbariya" məlumat yayıb ki, Türkiyə ordusu Haseke əyalətində Darbasiyyə, Malikiyyə, Qamışlı, Rəkkada isə Tell-Əbyad və Ayn-İsa şəhərlərinə aviazərbələr endirib.