BAKI, 10 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrini təhdid edərək suriyalı qaçqınlar üçün sərhədi aça biləcəyini bəyan edib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bunu Avropa İttifaqı ölkələrinin Türkiyənin Suriyada əməliyyatını tənqid etməsinə cavab olaraq bildirib.
Türkiyə liderinin sözlərinə görə, hazırda ölkəsində Suriyadan olan 3,5 milyon qaçqın var.
Bundan əlavə, Türkiyə prezidenti bəyan edib ki, onun ölkəsi PKK/YPG terrorçularının təhdidi altındadır: "Avropa İttifaqı özünə gəl. Avropa İttifaqı heç vaxt dürüst olmayıb, həmişə bizi aldadıb. Əgər onlar bu əməliyyatı tərəfimizdən həyata keçirilən işğal adlandırsalar, onda biz qaçqınlar üçün qapıları açacağıq".
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin ötən gün Suriyanın şimal-şərqində başladılan "Sülh Bulağı" əməliyyatı davam edir. Əməliyyat çərçivəsində terrorçulara məxsus 181 sığınacaq məhv edilib. Hazırda türk hərbçiləri Fəratın şərqinə doğru irəliləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Sülh Bulağı" əməliyyatı zamanı 109 terrorçu zərərsizləşdirilib.