İQTİSADİYYAT

Tramp "Huawei" şirkətini mütəəssir edib

Tramp administrasiyası Amerika şirkətlərinə Çin smartfonlarının istehsalçısı "Huawei"lə əməkdaşlıq etməyə razılıq verə bilər
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. ABŞ hökuməti bir sıra Amerika şirkətlərinə Çin smartfonlarının istehsalçısı "Huawei"lə əməkdaşlıq etməyə, eləcə də onu müxtəlif komponentlər və texnologiyalarla təmin etməyə razılıq verə bilər.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Nəşrin məlumatına görə, bu qərarı şəxsən Prezident Donald Tramp verib. Eyni zamanda, o, bu qərarını adının açıqlanmadığı mütəxəssisin sözləri ilə əsaslandırıb. Dövlət başçısı Amerika şirkətlərinin "Huawei"yə hansı texnologiyaları və məhsulları ötürə biləcəyini açıqlamayıb. Sadəcə o məlumdur ki, bu məhsulların göndərilməsi ABŞ-ın milli təhlükəsizliyinə təsir göstərməməlidir.

Tramp Türkiyəyə etibar etmədi, İŞİD üzvləri ilə bağlı qərar verdi

"Huawei" ABŞ-ın sanksiyaları altına bu ilin may ayında düşüb. Həmin vaxt şirkət və onunla bağlı olan onlarla struktur qara siyahıya salınıb. Buna bəhanə olaraq istifadəçilərin şəxsi məlumatlarının toplanaraq Çinin xüsusi xidmət orqanlarına ötürülməsi barədə şübhələr göstərilib.

Sözügedən sanksiya ABŞ-da qeydiyyatdan keçən və orada fəaliyyət göstərən bütün şirkətlərə "Huawei"lə əməkdaşlığı qadağan edir. Bu qayda pozulacağı təqdirdə, bütün məhdudiyyətlər onlara da şamil ediləcək. Bu səbəbdən, "Huawei" Android əməliyyat sisteminə özünün bütün yeni cihazlarının girişini itirmək təhlükəsi ilə üzləşib.

Nəticədə Vaşinqton məhdudiyyətləri bir neçə dəfə yumşaldıb və Çin şirkətinə müddət təyin edib. "Huawei"in rəhbəri Jen Çjenfey sanksiyalardan dəyən mümkün zərəri 100 milyon dollar dəyərində qiymətləndirib.