TƏHLİL

Türkiyə öz göbəyini özü kəsmək niyyətindədir

"Rəsmi Vaşinqton öz oyununu oynar, əgər oyun istədiyi kimi getməzsə, başqa bir oyuna başlayar. Lakin heç vaxt Türkiyə ilə Amerika əsgəri qarşı-qarşıya gəlməz"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Artıq bir neçə gündür ki, gündəm Türkiyənin Suriyanın şimalında, Fərat çayından şərqdə YPG/PKK yaraqlılarına qarşı keçirəcəyi əməliyyatıdır. Sözügedən əməliyyat bu gün başlayıb. Sputnik Azərbaycan Suriyada keçirilən əməliyyat və onun mümkün nəticələri ilə bağlı Türkiyənin terror və təhlükəsizlik üzrə tanınmış eksperti Abdullah Ağarla həmsöhbət olub.

Türkiyə öz göbəyini özü kəsmək niyyətindədir

Abdullah Ağar vurğulayıb ki, bu əməliyyat "Fərat qalxanı" və "Zeytun budağı" ilə müqayisədə daha böyük bir ərazini əhatə edəcək: "Əgər Türkiyə ordusu "Fərat qalxanı" əməliyyatını 2000 kvadrat kilometr, "Zeytun Budağı" əməliyyatını 1900 kvadrat kilometrlik ərazidə gerçəkləşdirirdisə, yeni əməliyyatda hədəf alınan sahə 15-16 min kvadrat kilometrlik ərazidir. Əgər Türkiyə Suriya ərazisində 40 kilometr dərinliyə doğru irəliləyərsə, bu rəqəm 20 000 kvadrat kilometrə də çata bilər. Yəni əməliyyatın keçiriləcəyi ərazi son iki əməliyyatın keçirildiyi əməliyyatdan sahə baxımından 10 dəfə çoxdur. Digər tərəfdə isə əlində son dərəcə hücum silahları olan 65 min üzvə malik terror təşkilati – YPG var. Bu terror təşkilatının ortaya qoyacağı mövqedən asılı olaraq bu mücadilə, bu əməliyyat çox sərt keçə bilər. Çünki Suriyanın şimalında terror təşkilatının bu əməliyyata dair mövqeyinin necə olacağı bəlli deyil. YPG-nin əməliyyatlar qarşısında duracağı və ya qaçacağı tezliklə bəlli olacaq".

Britaniyadan əməliyyat öncəsi Türkiyə ilə bağlı kritik açıqlama

Terror və təhlükəsizlik üzrə ekspert qeyd edib ki, bu əməliyyatlarla bağlı bölgədə yeni bir mənzərə ortaya çıxacaq: "Hazırda YPG/PKK özünü qurtarmaq üçün Suriya rəhbərliyi, Bəşər Əsəd hökuməti ilə anlaşmağa çalışır. Bu ana qədər rejimlə YPG/PKK təmsilçiləri ilə dəfələrlə görüş baş tutub. Lakin indiyədək bir ortaqlıq formalaşmayıb. Türkiyənin Suriyanın şimalında əməliyyata başlaması belə bir ortaqlığın formalaşmasına səbəb olacağı mümkün ehtimallardan biridir. Lakin hazırda belə bir anlaşma yoxdur. Digər tərəfdən, YPG/PKK sadəcə rejimlə deyil, İŞİD/DAEŞ-lə də bənzər görüşmələr həyata keçirir. Hazırda PKK-nın əlində 70-80 min İŞİD-çi var. Onlar arasında qadın, uşaqlarla yanaşı, əli silah tutan döyüşçülər (10-12 min nəfər) də var. Bundan əlavə, bölgədə arxa plana keçən İŞİD hücrələri var. Yenidən aktivləşməyə başlayan bu İŞİD hücrələrində türk ordusu ilə qarşı-qarşıya gəldiyi vaxt necə reaksiya verəcəyini əməliyyat başlayandan sonra görəcəyik. YPG/PKK ilə mübarizə yeni başlayır və necə davam edəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Bütün bunlar qlobal və regional güclərin Suriyadakı aktorları olan YPG/PKK-nı nə qədər dəstəkləyəcəyindən, YPG/PKK-nın nə qədər müqavimət göstərəcəyindən, hava və ərazi şəraitindən, Türkiyənin qüdrətindən asılı olacaq. Lakin bir həqiqət var ki, o da həmin bölgədə 65 min terrorçunun olmasıdır. Bu terrorçuların türk ordusu ilə münaqişəyə girib-girməyəcəyini və ya qaçacağını hamımız birlikdə görəcəyik".

Donald Tramp bir daha Türkiyəni hədələyib>>

Birləşmiş Ştatların bu əməliyyatlara reaksiyası və prezident Donald Trampın Türkiyə iqtisadiyyatını təhdid etməsini dəyərləndirən Abdullah Ağar rəsmi Vaşinqtonun öz oyununu oynadığını, əgər oyun istədiyi kimi getməzsə, başqa bir oyuna başladığını xatırladıb: "Birləşmiş Ştatlar olduqca ağıllı dövlətdir. Birləşmiş Ştatlar əvvəlcə Türkiyənin Fərat çayının şərqinə daxil olmasının qarşısını almaq istədi. Lakin Türkiyə PKK-ya və onu qoruyan Birləşmiş Ştatlara qarşı son dərəcə sərt bir mövqe sərgilədi. ABŞ Türkiyənin Suriyada əməliyyata dair fikrini dəyişə bilmədiyi üçün mövqeyini dəyişdi və yeni planlarını işə saldı. Lakin bütün bunlara baxmayaraq, Türkiyə mövqeyindən dönmədi. Birləşmiş Ştatlar Türkiyə kimi son dərəcə önəmli müttəfiqi ilə qarşı-qarşıya gəlmək istəməz. Birləşmiş Ştatlar Türkiyənin Rusiya və Çinin yanında olmasını istəməz. Vaşinqton NATO-nun, onun cənub-şərq qanadının çökməsini istəməz. Bu ölkə Türkiyə üzərindən qazandıqlarını da itirmək istəməz. Rəsmi Vaşinqton öz oyununu oynar, əgər oyun istədiyi kimi getməzsə, başqa bir oyuna başlayar. Lakin heç vaxt Türkiyə ilə Amerika əsgəri qarşı-qarşıya gəlməz".

İran Türkiyənin Suriyadakı əməliyyatına qarşı çıxdı - Zərər görəcəksiniz

Moskva və Tehranın Türkiyənin əməliyyatına reaksiyasını dəyərləndirən təhlükəsizlik üzrə ekspert qeyd edib ki, Rusiya və İran Türkiyənin Suriya rejimi ilə iş birliyinə gedərək bu əməliyyata başlamasını istəyirlər: "Rejimlə iş birliyinə gedilərək həyata keçiriləcək əməliyyat İran və Rusiyanın mövqeyini gücləndirəcək. Türkiyəni Amerika ilə qarşı-qarşıya gətirəcək bir hərəkata başlaması Rusiya və İranın marağındadır. Lakin Türkiyənin ABŞ-la razılaşaraq həyata keçirəcəyi əməliyyat isə Rusiya və İranın ciddi narahatlığına səbəb ola bilər".

Ağar vurğulayıb ki, hazırda Türkiyə bu iki mövqe arasında tarazlıq axtarışındadır: "Türkiyə öz göbəyini özü kəsmək niyyətindədir. Nəticədə yaranan vəziyyət də yeni fürsətlər və risklər yaradacaq.

İrana gəldikdə isə bu ölkə həmişə Türkiyənin Suriyada onun nüfuzunu, təsirini azalda biləcək həmlələr etməsinə qarşıdır. Düzdür, hazırda Türkiyə İran və Rusiya arasında Suriya məsələsində ittifaq halındadır, lakin bu ittifaq eyni zamanda rəqabəti də şərtləndirir".