RUSİYA

Samaranın qubernatoru məşhur azərbaycanlını cəzalandırmağı tələb edib

Məşhur blogger Hüseyn Həsənov dostları ilə birlikdə Samara şəhərində çox sayda yol hərəkəti qaydalarını pozaraq avtomobil yarışı təşkil edib
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Samara vilayətinin qubernatoru Dmitri Azarov gecə şəhərdə avtomobil yarışı təşkil etdikləri üçün Azərbaycan əsilli rusiyalı məşhur bloger Hüseyn Həsənov və onun dostlarının məsuliyyətə cəlbini tələb edib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, gecə avtoxuliqanları Samaradakı reydlərini videoya çəkərək sosial şəbəkədə paylaşıblar. Bunun sayəsində polis əməkdaşları yol hərəkəti qaydalarının çoxsaylı pozuntularını aşkar ediblər.

Videokadrlarda maşın karvanının necə qarşı zolaqlarda və səkilərdə şütüdüyü, sürət həddini pozduğu açıq-aşkar görünür. Sərnişinlərdən kimi bədəninin yarısını hərəkətdə olan maşının salonunun damındakı lyukdan yuxarı çıxarıb selfi çəkir, kimi də maşının şüşəsindən çölə çıxararaq videokameraya poz verir. Bəzi sürücülər isə avtomobillərinə yalınız təcili yardım və digər fövqəladə xidmət maşınlarına icazə verilən "sayrışan işıqlar" quraşdırıblar.

"Həsənovun avtomobilini 11 maşın müşayiət edib. Onun bu hərəkətlərində sərnişinlərin təhlükəsizlik kəmərini taxmadan daşınması, sərnişinlərin hərəkətdə olan avtomobilin salonundan kənara çıxması və s. kimi qanun pozuntuları aşkarlanıb. Qanunları pozanlara qarşı inzibati iş qaldırılıb. Avtomobil karvanının dörd sürücüsü inzibati məsuliyyətə cəlb edilib", - deyə polisdən bildiriblər.

Hüseyn Həsənov Sankt-Peterburqda doğulub böyüyüb. Onun 25 yaşı var. O, öz çarxlarında əsasən ağrılı mövzulara toxunur və onlara bir qədər yumor əlavə edir. Onun qısa videoçarxlarının qəhrəmanları əsasən rusiyalı və xarici modellər olur. O, həmçinin rusiyalı müğənnilərin kliplərində çəkilir, film və seriallara çəkilməkdən də imtina etmir.

Aktyorluq fəaliyyəti ilə yanaşı, Həsənov geyimlərin dizaynı ilə də məşğul olur və onun hətta öz şəxsi kostyum kolleksiyası mövcuddur. Hazırda sosial şəbəkələrdə onun 6 milyon izləyicisi var.

O, bu yaxınlarda Moskva şəhərinin Mərkəzi İnzibati Dairəsində, Rusiyanın bir çox məşhur aktyor və musiqiçilərinin yaşadığı Arbat küçəsində 200 milyon rubl (5 milyon manatdan çox) qiyməti olan ev almaqla gündəmə gəlmişdi.