Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 8 oktyabr — Sputnik. Bakıda sərnişin daşıyan avtobuslar sürət həddini aşa bilməyəcək. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev verib.
O bildirib ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında qərarda öz əksini tapıb.
M.Ağayev bildirib ki, qərarda qeyd edilib ki, avtobuslarda maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu olmalıdır. Agentlik rəsmisi bildirib ki, artıq paytaxtda sərnişindaşımada istifadə edilən avtobusların əksəriyyəti bu qurğu ilə təmin edilib. M.Ağayevin sözlərinə görə, avtobuslara bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar da quraşdırılıb: "Tələblərdə qeyd edilib ki, avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu, sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə, ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları ilə təchiz edilməlidir".