HADİSƏ

BŞİPİ: Qanunsuz küçə yürüşünün qarşısı alınıb

Ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) bu gün keçirilmiş piketlə bağlı məlumat yayıb.

Bakıda polis gözü dönmüş ərin qəzəbinə gəldi, ölümdən son anda qurtuldu

Sputnik Azərbaycan-a daxil olan rəsmi məlumatda deyilir:

"Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Müraciətə baxılaraq, toplantının təşkilatçıları, tədbirin oktyabrın 8-i saat 15.00-dan 16.00-dək Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə keçirilməsi barədə məlumatlandırılıb.

Piket ərəfəsində təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq aidiyyəti qanunvericilik aktlarının tələbləri nəzərlərinə çatdırılıb, tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilib və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olunması barədə xəbərdar ediliblər.

Lakin onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin V və 12-ci maddəsinin III hissələrinin tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşıb, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar edib, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər.

Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib.

Bakının bir sıra polis şöbə və bölmələrinə yeni rəis müavinləri təyin olunub

İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınıb.

Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək.