Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 8 oktyabr — Sputnik. Gələn il yanvarın 1-dən etibarən provayderlər "halal internet" xidməti göstərməyə hazır olmalıdır. Çünki 1 yanvar 2020-ci il tarixindən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun qüvvəyə minir. Bu Qanuna uyğun olaraq, Telekommunikasiya haqqında Qanuna da əlavələr edilib. Bu əlavəyə görə, hər bir provayder abunəçinin istəyi ilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır.
Bəs görəsən, provayderlər buna hazırdırmı?
Ümumiyyətlə, filtrdən keçmiş internet xidmətinə görə valideynlərdən əlavə haqq tələb edilməyəcək ki?
Sputnik Azərbaycan-a bu mövzuda danışan İKT üzrə ekspert Osman Gündüz bildirib ki, provayderlərin çoxu bu xidməti göstərməyə hazır deyil: "Bütün provayderlər təmiz, halal internet xidməti üçün hazırlıqlar görməlidir. Əgər valideyn halal internet istəyirsə, provayder gələn ildən bu xidməti təqdim etməyə borclu olacaq.
Təbii ki, bu məqsədlə provayderlər öz sistemlərində filtrasiya (süzgəc) sistemi qurmalıdır. Amma filtrasiya sisteminin qurulması üçün maliyyəni kimin xərcləyəcəyi sual altındadır. Bunun üçün provayderlər mütləq avadanlıq və proqram almalıdırlar. Bunun internetin qiymətinə təsir edib-etməyəcəyi də avadanlıq və proqramın dövlət, yoxsa provayderlər hesabına alınacağından asılıdır.
Əgər provayderlər xidmət üçün sistemi özləri qursalar, bu, internetin qiymətinə təsirsiz ötüşməyəcək. Amma dövlət bunun üçün vəsait ayırsa, yəqin ki, internetin qiyməti bu xidmətə görə artmayacaq".
Sputnik Azərbaycan ölkəmizdəki provayderlərin sözügedən qanunun tətbiqinə hazır olub-olmadığını araşdırıb. "Azeurotel"dən Sputnik Azərbaycan-a bildiriblər ki, provayder belə bir xidmət göstərmir: "Bizdə internet fiber-optikdir. Yüksək keyfiyyətli internet veririk müştərilərimizə. Amma filtrdən keçirtmirik. Bizdə ümumiyyətlə belə bir xidmət yoxdur".
Əlaqə saxladığımız digər provaderlərdən də eyni cavabı aldıq.
Yalnız "Aztelekom"dan bildirdilər ki, onlarda "SAF" internet xidməti var. Valideyn istədikdə 1 manat 50 qəpik ödəyərək belə bir internet paketi ala bilər: "İnformasiya mühitində internet istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün vətəndaşlara "SAF" – Təhlükəsiz İnternet xidmətini təklif edirik. Bu xidmət vasitəsilə istifadəçilər azyaşlı uşaqların tərbiyəsinə neqativ təsir edəcək cinayətkarlıq, əxlaqsızlıq və aqressivlik kimi məlumatları əks etdirən internet səhifələrinə girişə nəzarətə edə biləcəklər. Həmçinin veb-səhifələrə daxil olmalarına qadağa qoyar, arzuolunmaz saytları özləri seçib bağlaya bilərlər. Abunəçi "ağ" və ya "qara" siyahını özü tərtib edir, istənilən internet səhifəsinə girişi nəzarətdə saxlayır. "SAF" xidmətini istənilən zaman aktiv və ya deaktiv etmək mümkündür. Aylıq xidmət haqqı 1.50 AZN-dir. Qiymətlərə ƏDV daxildir".
Apardığımız kiçik araşdırmadan belə məlum oldu ki, ölkəmizdəki provayderlərin çoxu bu xidməti göstərməyə hazır deyil. Qeyd edək ki, hazırda ölkənin təhsil sistemində bu tip filtr sistemi fəaliyyət göstərir.