Donald Tramp bir daha Türkiyəni hədələyib

Donald Tramp və türkiyəli həmkarı RəcəbTayyib Ərdoğan arasındakı telefon danışığından sonra Ağ Evin yayımladığı açıqlamada bildirilir ki, son iki ildə əsir götürülən bütün İŞİD döyüşçülərinə görə Türkiyə məsuliyyət daşıyacaq
Sputnik

BAKI, 8 oktyabr - Sputnik. ABŞ prezidenti Donald Tramp Ankaranın “icazə verilənlər çərçivəsindən kənara çıxacağı” təqdirdə “Türkiyə iqtisadiyyatını məhv edəcəyi” ilə hədələyib.

APA xəbər verir ki, amerikalı lider bu barədə şəxsi “Twitter” hesabında paylaşım edib.

“Əvvəl də qəti şəkildə söyləmişdim və indi də bunu təkrarlayıram. Əgər Türkiyə, böyük misilsiz müdrikliyim sayəsində hesab etsəm ki, sərhədləri keçəcək bir addım atır, o zaman, əvvəllər də olduğu kimi, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəm”, - Tramp belə yazıb.

Onun sözlərinə görə, Türkiyə, Avropa ölkələri və digərləri “saxlanılmış İŞİD-çilərə və onların ailələrinə diqqət etməlidirlər”.

“ABŞ gözləniləndən çox iş gördü, o cümlədən İŞİD xilafətini 100 faiz məğlub etdi. İndi bölgədəki digərlərinin, böyük imkanlara sahib olan bəzilərinin öz ərazilərini müdafiə etmələrinin vaxtı gəldi”, - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp və türkiyəli həmkarı RəcəbTayyib Ərdoğan arasındakı telefon danışığından sonra Ağ Evin yayımladığı açıqlamada bildirilir ki, son iki ildə əsir götürülən bütün İŞİD döyüşçülərinə görə Türkiyə məsuliyyət daşıyacaq.

Ərdoğan isə bildirib ki, Suriyanın şimalında, Fəratın şərqində Türkiyənin əməliyyatı ilə bağlı yaxın günlərdə qərar veriləcək. O, əlavə edib ki, əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir.