BAKI, 7 oktyabr — Sputnik. Pentaqon rəsmi Ankaranın Suriyanın şimalında keçirmək istədiyi əməliyyatda iştirak etməyəcək.
Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir ki, bu barədə ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığından sonra Ağ Evin yaydığı məlumatda bildirilir.
Rəsmi Vaşinqton təsdiqləyib ki, Türkiyə tərəfindən planlaşdırılan əməliyyat "çox yaxın vaxtda" başlayacaq.
"İŞİD xilafətinə qalib gələn ABŞ hərbçiləri əməliyyatın keçirildiyi ərazinin yaxınlığında olmayacaq", - deyə bəyanatda bildirilir.
Ağ Ev eyni zamanda qeyd edib ki, bundan sonra artıq Türkiyə son iki ildə əsir götürülən bütün İŞİD yaraqlılarına görə məsuliyyət daşıyacaq.
PKK terror təşkilatının Suriya qanadı olan YPG məlumat yayaraq qeyd edib ki, artıq Birləşmiş Ştatlar öz qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb.
YPG təmsilçiləri eyni zamanda qeyd ediblər ki, onlar Türkiyənin Suriyanın şimalına edəcəyi hərbi əməliyyatlar zamanı özlərini müdafiə edəcəklər.
Bu arada Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində bölgəni terrorçulardan təmizləyərək ölkənin suverenliyi və təhlükəsizliyini təmin etməkdə qərarlı olduqlarını bildirib.
"Suriyadakı böhranın əvvəlindən bəri bu ölkənin ərazi bütövlüyünü dəstəklədik, bundan sonra da dəstəkləyəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin suverenliyini və təhlükəsizliyini təmin etməkdə qərarlıyıq. Suriyaya dinclik, sülh və sabitliyin gəlməsinə töhfə verəcəyik", - deyə Çavuşoğlu yazıb.