Mönhenqladbax "Borussiya"sının futbolçuları olan avstriyalı Ştefan Layner və alman Mattias Ginter zədə səbəbindən 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarda milli komandalarına kömək edə bilməyəcəklər. Bu barədə klubun saytında məlumat verilir.
Hər iki oyunçu bazar günü Almaniya çempionatında "Auqsburq"a qarşı keçirilmiş oyunda (5:1 "Borussiya" qalib gəlib) zədə alıblar. Ginter çiyni çıxıb və vətərləri zədələnib, Layner isə sol ayaq biləyi qırılıb.
Qeyd olunur ki, futbolçular AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunlarında milli komandalrının şərəfini qoruya bilməyəcəklər, həmçinin Bundesliqanın yaxın vaxtlarda keçiriləcək görüşlərini buraxacaqlar.
Almaniya millisi oktyabrın 9-da Argentina ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə AVRO-2020-nin seçmə oyunları çərçivəsində səfərdə Estoniya ilə oynayacaq. Avstriya komandası Avropa çempionatının təsnifat görüşləri çərçivəsində oktyabrın 10-da İsrail yığmasını qəbul edəcək, daha sonra isə oktyabrın 13-də səfərdə Sloveniya millisi ilə qarşılaşacaq.