CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Builki yarmarkada 20 ton bal satılıb

Mayis Musayev: “Ən çox satılan ballar daha çox dağlıq ərazilərdə hazırlananlardır. Alıcılara artıq məhsulları onlayn sifariş etmək imkanı da yaradılıb və metrostansiyalara çatdırılma ödənişsiz həyata keçirilir”
Sputnik

BAKI, 7 oktyabr — Sputnik. Bal yarmarkasının ilk 10 günündə 20 tondan artıq bal satılıb.

Bunu Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC mərkəzinin mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, yarmarka öz gedişatı ilə davam etdirilir: “Müşahidələrimiz onu göstərir ki, ən çox satılan ballar daha çox dağlıq ərazilərdə hazırlananlardır. Alıcılara artıq məhsulları onlayn sifariş etmək imkanı da yaradılıb və metrostansiyalara çatdırılma ödənişsiz həyata keçirilir”.

M.Musayev satıcılara yaradılan yeni şəraitdən də danışıb: “Bildiyiniz kimi, bu il baş tutan yarmarkada bir neçə yeniliklər olub, onlardan biri də qablaşdırmanın üzərindəki barkodlardı. Həmin kod vasitəsi ilə vətəndaşlar ASC-nin saytı üzərindən məhsulun kimə məxsus olduğunu öyrənə bilərlər. Daha bir yenilik isə ondan ibarətdir ki, alıcılar həmin saytda arıçıların məhsullarını dəyərləndirərək qiymət verə bilərlər. Sonda reytinqə görə, həmin arıçıların siyahısı müəyyənləşdirilir və növbəti yarmarkalarda onların iştirakı daha da asanlaşır”.

Qeyd edək ki, sentyabrın 28-dən etibarən Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunur.