BAKI, 6 oktyabr — Sputnik. Bakının Qaradağ rayonunda kütləvi dava olub. Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb.
Belə ki, sürücü avtomobilini ticarət mərkəzində yerləşən mağazalardan birinin qarşısında saxlayıb. Bu da öz növbəsində həmin mağazada işləyən şəxslərin narazılığına səbəb olub.
Nəticədə mağaza işçiləri - 1982-ci il təvəllüdlü Rəfiyev Rüfət Gülağa oğlu, 1982-ci il təvəllüdlü Babayev Məhəmməd Zakir oğlu və 1978-ci il təvəllüdlü Əzizova Həyat Hümbət qızı ağır bədən xəsarətləri alıblar. Onlar dərhal təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
R. Rəfiyev və B. Məhəmmədə qapalı kəllə-beyin, E. Həyata isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralılar həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.