BAKI, 6 oktyabr - Sputnik. Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verillən məlumata görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd mühafizəsi strategiyasının uğurla realizə edilməsi, dövlət sərhədlərinin mühafizəsi məsələlərinə Ali Baş Komandan səviyyəsində böyük önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmlənməsini, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılmasını, yeni istifadəyə verilən sərhəd zastavasının da məhz bu ali diqqətin növbəti təzahürü olduğunu bildirib.
Eyni zamanda Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəli inkişafını xüsusi vurğulayıb. Dövlət Sərhəd Xidmətinin rəisi dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşdiyini, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayandıqlarını qeyd edib.
Dövlət sərhədlərinin etibarlı mühafizəsi üçün yerli əhalinin, Ağstafa rayonunun icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının mühüm dəstəyi xüsusi qeyd olunub, həm dost Gürcüstan ilə, həm də düşmənlə həmsərhəd olan Ağstafa rayonunun rəhbərliyinə və ictimaiyyətinə sərhədçilərə göstərdikləri hərtərəfli köməkliyə görə minnətdarlıq ifadə edilib.
Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başcısı Nizaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.
Tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olublar. Sərhəd zastavasında şəxsi heyət tərəfindən xidməti fəaliyyətin yüksək səviyyədə həyata keçirilməsi üçün müasir tələblərə cavab verən yataqxana, yeməkxana, xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifadəsinə verilib.