Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 5 oktyabr — Sputnik. Xalqımızın müstəqillik tarixi məhz şəhidlərimizin adı ilə bağlıdır. Əsrlər, illər keçsə də, xalq şəhidlərini heç vaxt unutmur. Belə bir şərəfli yolda adını yazdıranlardan biri də bir neçə gün öncə şəhid olmuş Ramin Şövkət oğlu Abdulrəhimovdur.
Azərbaycan Milli Ordusunun əsgəri Ramin Abdulrəhimov sentyabrın 22-də cəbhəboyu zonada düşmən tərəfinin gülləsinə tuş gəlib, iki gün sonra meyiti təmas xəttindən götürülüb və dəfn olunub.
R.Abdulrəhimov 2000-ci il iyulun 24-də Quba rayonunun Qırmızı Qəsəbəsində kasıb ailədə dünyaya gəlib. Qubanın Mirzəməd kənd məktəbinin 1-ci sinfinə qədəm qoyan Ramin tez bir zamanda bütün müəllimlərinin sevimlisinə çevrilib. 5-ci sinifdən isə qəsəbə məktəbində təhsilini davam etdirib. Məktəb illərində mərd, qorxmaz, sözündə düzgün bir şagird kimi yadda qalan şəhidimizin haqqında müəllimlərinin dedikləri gözümüzü yaşartdı.
Hələ qəbri soyumayan şəhidin anası Abdulrəhimova Humay göz yaşları içərisində Sputnik Azərbaycan-ın bölgə müxbirinə oğlu ilə bağlı xatirələrini bölüşüb:
“Ramin mənim ikinci övladım, yəni sonbeşiyimdir. Buna görə də onu ərköyün böyütmüşük. Yoldaşım Şövkət uzun müddət sürücü işləyib. Ramin uşaq vaxtı oynayanda ayağı zədələnmişdi. Uzun müddət onu müalicə etdirdik. Atasının qazandığı bütün pulları onun müalicəsinə verdik (ağlaya-ağlaya: “Halal xoşu olsun balamın", - deyir). Oğlum hər zaman deyirdi ki, “atam zəhməti ilə pul qazanıb və çalışıb ki, hamıya əl tutsun. Mən də atam kimi halal zəhmətimlə pul qazanacağam və kasıblara əl tutacağam”.
Doqquz ay əsgərlikdəki övladlarının üzünə həsrət qalan Abdulrəhimovlar ailəsi 15 gün sonra Raminin məzuniyyətə gələcəyini səbirsizliklə gözləyərkən onun nəşini qarşılayıblar: "Oğlum 9 ay idi, hərbi xidmətə getmişdi.
Açığını deyim, maddi imkanımız olmadığından və yoldaşımın xəstəliyi üzündən Raminin nə andiçmə mərasimində iştirak edə bildik, nə də bir dəfə də olsun yanına dəyməyə getdik. Kaş bircə dəfə gedəydik, balamı bağrıma basıb iyini alardım...
Oğlum zəng edib dedi ki, ana, oktyabrın 10-u məzuniyyətə gələcəyəm. Qonşumuzun oğlu da əsgərlikdədir. Ramin dedi ki, Zeybullaya xəbər edin, birlikdə gələk məzuniyyətə. İnanın, məzuniyyət xəbəri eşidəndən ancaq beynimdə balama nələri bişirəcəyimi, onun xoşladığı nələri alacağımı düşünürdüm. Sən saydığını say, gör fələk nə sayır. Balamın nəşi gəldi üstümə", - deyərək hönkürtü ilə ağladı Humay ana.
Daha sonra ana bizə oğlunun şəhid olma xəbərini necə aldığını danışdı: “Bir gün öncə gecə yuxuda gördüm ki, evimizdə məclis var, mən də o məclisdə halva bişirib paylayıram. Günorta oldu, gördüm ki, qaynım bizə gəlib, amma içəri girmir. Soruşdu ki, Raminlə əlaqə saxlamışıq? Mən də 3 gün öncə danışdığını, tezliklə məzuniyyətə gələcəyini dedim. Gördüm, qaynımın halı hal deyil. Sonra böyük oğlum Dadaş girdi içəri. Dadaş Qusarda N saylı hərbi hissədə hərbi qulluqçu kimi işləyir. Dadaşı görəndə dalağım sancdı, anladım ki, nəsə olub. Dadaş görüşdükdən sonra astaca mənə dedi ki, “ana, bir söz deyəcəm, amma sakit tut özünü, atam həyəcanlanmasın, birdən yenə iflic olar”.
“Dedi ki, bəs Ramin yaralanıb, hospitalda müalicə alır. Mənə söz verdi ki, sabah səni aparacam, amma indi səbirli ol. Mən də ona inandım. Gecə böyük oğlum gəldi, mənim yanımda yatdı, çox vaxt Raminim darıxanda yanımda yatardı, öpüb-qucaqlayardı məni (ana yenə hönkürtü ilə dil deyib ağlamağa başlayır). Gecəni, demək olar ki, yatmadım. Səhərin tez açılmasını gözlədim ki, şəhərə, hospitala gedim. Dadaşı oyandırdım ki, dur, gedək. O da qayıtdı ki, ana, bir az gözlə, saat 12-də deyəcəklər biz gedək, ya yox. Yavaş-yavaş həyətimizə qonşular, qohumlar, qəsəbə sakinləri yığışırdılar. Mən heç nəyi yenə ürəyimə yaxın buraxmaq istəmirdim. Axı ümid sonda ölür. Ev təmizləyən kim, palaz-xalça salan kim, mən də heç nəyə məhəl qoymadan şəhərə getməyə hazırlaşıram. Və o dəhşətli an yetişdi. Saat 11:30-u göstərirdi. İçəri girən baldızım məni öpüb ağlamağa başladı. Dedi: “Get əynini dəyiş, başına qara yaylıq bağla, artıq sən şəhid anasısan". Bu sözü eşidəndə sanki dünya başıma dolandı, həyətimizdən ağlaşma səsləri yüksəldi. Çünki hamı o ana qədər özünü ağlamamaq üçün zorla saxlamışdı. Bununla da Humayın arzuları, ümidləri də öldü", - qəhərdən boğulan ana gözlərini silir.
Yaxınlar, qohumlar, qonşular Humay anaya təskinlik verməyə çalışır, ona oğlu ilə fəxr eləməsini deyirlər. Bir az toxtaqlıq veririk, məşum dəqiqələrdəki xatirələrindən ayırmaq üçün "Raminin hobbisi nə idi?" deyə maraqlanırıq. Sanki oğlu sağmış kimi ana bir anlıq ürəklənir: “Raminim ən çox balıq tutmağı sevirdi. Hələ balaca olanda qaçıb gedirdi balıq tutmağa. Əsgərlikdən zəng edəndə suallarından biri bu olurdu ki, ana, atam balıq tutur, qonşular balığa gedirlərmi. Sonra da deyirdi ki, ana, burada yaxınlıqda çay axır, o qədər balıq var ki, heyf ki, biz tuta bilmirik. Bir də demişdi ki, gələndə balıq tutmağa gedəcək və özü qızardıb bizə yedirdəcək. Kaş məzuniyyətə gəlib o, arzusunu yerinə yetirə biləydi..."
Oğlunun ölümü ilə barışmır ana, telefonunu bir dəqiqə belə özündən kənara qoymur, Ramindən zəng gözləyir. Oğlunun son zəngini xatırlayır: "Şəhid olmamışdan 3 gün öncə zəng eləmişdi. Hal-əhvalımı soruşdu. Atası xəstə olduğundan hər zəngində atasından narahat qaldığını, ona yaxşı baxmağımı tapşırırdı. Sonra xahiş elədi ki, telefonu atasına verim. Atası ötkəm səslə: “Salam, əsgər” dedi, gülüşdülər. Atasına dedi ki, əsgəri xidmətini bitirdikdən sonra orada qalıb işləyəcək, kəndə qayıtmayacaq. "Qoy qardaşımla ikimiz də Vətənə xidmət edək", - dedi balam. Son sözü də bizdən ötrü çox darıxdığı, səbirsizliklə məzuniyyət vaxtını gözlədiyi oldu".
Raminin həm ibtidai sinif rəhbəri, həm də fərdi müəllimi olan Yaqut müəllim də Raminlə bağlı xatirələrini bizimlə bölüşdü: "Raminin səhhətində problem olduğundan mən ona 5 il fərdi təhsil vermişəm. O, mərd, sözündən dönməyən bir oğlan idi. Eyni zamanda da ürəyi kövrək idi. Bir gün dərs üçün Ramingilə gəlmişdim. Humay xanım bizə mürəbbə ilə çay gətirmişdi. Qarışqalar mürəbbəyə darışmaq istəyəndə onları barmağımla əzmək istədim. Bu an Ramin pərt halda yalvarmağa başladı ki, “müəllim, axı onlar da yaşamaq istəyir, qoyun yaşasınlar istədikləri qədər, nə olar, onlara dəyməyin”. İnanın, Raminin bu hərəkəti günlərlə məni düşündürdü. Çünki Ramin balaca vaxtı nadinc və sərt idi. Bəlkə də, o balaca oğlan uşağı sanki mənə bir dərs verdi.
"Mən hər iki övladımı Vətənə verdim. İndən sonra Raminimin iyini də Dadaşımdan alacam", - qəlbi yaralı ana şəhidi xatırlamağa gələn qonaqlarını yola salarkən özü özünə təskinlik verir...
Şəhidlər ölmürlər. Ramin də hər zaman başqa şəhidlər kimi qəlbimizdə yaşayacaq. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!