CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"O peşənin sahibləri insanların mənəvi və əqli inkişaf səviyyəsini müəyyən edirlər"

Müəllimlərimizin əsas vəzifəsi, əlbəttə ki, ilk növbədə gənc nəslə - məktəblərə qədəm qoyan şagirdlərə, ali məktəblərə qəbul olunan gənclərə yaxşı təhsil verməkdən ibarətdir
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov müəllimləri təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, o bu barədə öz "Facebook" səhifəsində yazıb.

Təhsil işçiləri "Əməkdar müəllim" fəxri adı aldılar - SİYAHI

"İnsanı öz halal zəhməti hesabına yaşadan və ucaldan hər bir peşə şərəflidir, hər bir peşə sahibi də hörmətə layiqdir. Lakin dünyada bir peşə var ki, o peşənin sahibləri hər bir cəmiyyətin, hər bir fərdin həyatında əlahiddə rol oynayır, insanların mənəvi və əqli inkişaf səviyyəsini müəyyən edir, yetkin bir vətəndaşa çevrilməsinə töhfə verirlər. Söhbət, əlbəttə ki, müəllimlərdən gedir!" - deyə Həsənov qeyd edib.

Onun sözlərinə görə, YUNESKO-nun qərarı ilə 1994-cü ildən başlayaraq hər il oktyabr ayının 5-i Ümumdünya Müəllimlər Günü kimi qeyd olunur: "Bu tarixin Azərbaycanda da Müəllimlər Günü kimi qeyd olunması haqda qərar Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. "Mən dünyada müəllimdən yüksək ad tanımıram" söyləyən Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə, təhsil işçilərinə xüsusi ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlayıb, bu müqəddəs peşə sahiblərinin qayğısına qalıb, hər fürsət düşdükcə öz müəllimləri ilə görüşərək onlara səmimi minnətdarlığını ifadə edib. Ulu öndər qeyd edirdi ki, hər birimiz tutduğumuz mövqedən, hansı məslək və peşə sahibi olmağımızdan asılı olmayaraq, bütün nailiyyətlərimizə görə, ilk növbədə məktəbə və müəllimə borcluyuq".

Prezidentin köməkçisi xatırladıb ki, Azərbaycanda müəllimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə Prezident tərəfindən davamlı olaraq xüsusi addımlar atılır. Ölkə başçısının müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı, ölkə üzrə təxminən 5000 nəfəri ötüb. Bundan başqa, ötən tədris ilində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi işi uğurla başa çatdırılıb, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.

Müəllimlərlə bağlı qərar dəyişdi, yenilik 5 günə qüvvəyə minir>>

"Əziz müəllimlər, sonda diqqətinizi Ümummilli Liderin belə bir tarixi fikrinə yönəltmək istəyirəm. Ulu öndər söyləyirdi ki, müəllimlərimizin əsas vəzifəsi, əlbəttə ki, ilk növbədə gənc nəslə - məktəblərə qədəm qoyan şagirdlərə, ali məktəblərə qəbul olunan gənclərə yaxşı təhsil verməkdən ibarətdir. Amma gərək unutmasınlar ki, hər bir azərbaycanlı gənc yaxşı təhsil almaqla yanaşı, həm də gərək dəyərli vətəndaş kimi formalaşsın, öz dövlətinə, millətinə və xalqının adət-ənənələrinə sadiq vətəndaş kimi yetişsin! Beləliklə, gələcəyimiz sizə əmanətdir, əziz müəllimlər! Peşə bayramınız mübarək olsun!" - deyə o əlavə edib.