BAKI, 4 oktyabr — Sputnik. 3-6 oktyabr tarixlərində İstanbulda təşkil olunan və dördüncü dəfə keçirilən Etnospor Mədəniyyət Festivalının açılışı olub.
Sputnik Azərbaycan xəbər verir ki, 16 ölkənin də qatıldığı tədbirin açılış günündə ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və Rəqs Ansamblı 50 nəfərlik heyət ilə təmsil edib.
Maddi-mədəni sərvətlərimiz sayılan ecazkar gözəlliyə malik Azərbaycan kəlağayısı və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atları ilə "Bir millət, iki dövlət" şüarı altında "Azərbaycan kəlağayısı və Qarabağ atları" adlı şou-kompozisiya qonaqlar tərəfindən xüsusi zövqlə izlənilib.
Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan tədbiri ziyarət edib. Qarabağ atlarının çıxışını izləyib. Şoudan sonra Bilal Ərdoğan Azərbaycan nümayəndə heyəti ilə görüşüb və ölkəmiz haqqında xoş təəssüratlarını, Qarabağ atlarının Türkiyə ərazisində ilk dəfə məhz bu tədbirdə çıxışından məmnunluğunu bildirib. Şouda Türkiyənin siyasi xadimləri ilə yanaşı bir çox tanınmış simaları da iştirak ediblər.
Dünyanın müxtəlif ölkələrindən çoxlu sayda tamaşaçının izlədiyi və müxtəlif xalqların etnik mədəniyyətlərinin nümayiş olunacağı tədbir 4 gün davam edəcək.
Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. 4 gün ərzində bir milyondan artıq insanın Atatürk Hava Limanı ərazisində təşkil olunan tədbirləri izləmək üçün iştirakı gözlənilir.