BAKI, 3 oktyabr — Sputnik. Bu gün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki Destinasiya Menecmenti Təşkilatı ictimaiyyətə təqdim edilib.
Bu barədə Sputnik Azərbaycan-a Agentlikdən verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Agentliyin əsas məqsədləri sırasında regionlarda turizmin inkişafına dəstəyin xüsusi yer aldığını qeyd edib.
Şəki Xan Sarayının və şəhərin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasının böyük bir uğur olduğunu diqqətə çatdıran Agentlik sədri bu səbəbdən Destinasiya Menecmenti Təşkilatı üçün bu şəhərin seçilməsinin təsadüfi olmadığını bildirib. Fuad Nağıyev Destinasiya Menecmenti Təşkilatının fəaliyyət dairəsinə daxil olacaq Qax, Zaqatala, Balakən rayonlarının öz turizm potensialı ilə xüsusilə seçildiyini vurğulayıb. O, hazırda Quba və Qusar rayonları üzrə də belə bir təşkilatın fəaliyyət göstərdiyini qeyd edib, həmçinin cənub bölgəsində Lənkəran, qərb bölgəsində isə Gəncə şəhərində Destinasiya Menecmenti Təşkilatının fəaliyyətə başlayacağını açıqlayıb.
Qeyd edək ki, Destinasiya Menecmenti Təşkilatları regionların turizm potensialından daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərəcək. Həmçinin qeyd olunan təşkilatlar yerli səviyyədə dövlət, özəl sektor və əhali arasında əlaqələrin qurulması və insan resurslarının inkişaf etdirilməsi və standartların hazırlanmasına xidmət edəcək.