BAKI, 3 oktyabr — Sputnik. Böyük Vətən Müharibəsində Xalqların Qələbə xatirəsini birlikdə qorumaq lazımdır. Bunu Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən Azərbaycanın faşizm üzərində qələbədəki rolu ilə bağlı mətbuat konfransında görkəmli qazax şair və yazıçısı, ictimai xadim Oljas Süleymenov deyib.
"Sovet İttifaqının dağılmasından sonra hamımız ayrı-ayrılıqda qələbələr və məğlubiyyətlər yaşadıq. Qələbənin xatirəsini bir yerdə qorumaq mütləq lazımdır. O, bu yaddaşı miras olaraq ötürdüyümüz yeni bir nəsli tərbiyə edir", - deyə Süleymenov bildirib.
Yazıçının fikrincə, amerikalılar və britaniyalılar ona görə özlərini İkinci Dünya Müharibəsinin qalibi hesab edirlər ki, onların müharibənin getdiyi bütün illər ərzində ümumi itkiləri 350 min nəfər olub. Təkcə Gürcüstanın, yaxud da Qazaxıstanın ayrı-ayrılıqda itkilərinin sayı təqribən o qədər idi.
"O illərdə xalqlar özlərinin ən yaxşı oğul və qızlarını vətənin müdafiəsi üçün qurban vermişdilər", - Süleymenov deyib.
O qeyd edib ki, dəqiq hesablamalara görə, Sovet İttifaqı İkinci Dünya Müharibəsində 42 milyondan çox itki verib ki, onun da yarısı hərbi itkilər idi.
Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin isə öz növbəsində qeyd edib ki, keçmiş SSRİ-nin müxtəlif xalqlarının, xüsusən də Azərbaycan, Qazaxıstan xalqlarının, ayrı-ayrı şəhər və ölkələrin Hitler Almaniyası üzərində qələbəyə verdiyi töhfələr layiqincə və lazımi dərəcədə qiymətləndirilmir.
O, bu məsələ ilə bağlı yüksək səviyyəli müzakirələrin aparılması üçün düzgün mexanizmlərin tapılmasının lazım olduğunu, Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində Bakıda keçirilən "İkinci Dünya və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq" adlı beynəlxalq ictimai forum kimi tədbirlərin keçirilməsinin bunu asanlaşdıracağını söyləyib.
Forum zamanı "Birlikdə qalib gəldik" Beynəlxalq İctimai Komitəsinin yaradılması, II Dünya Müharibəsində Qələbənin əldə olunmasına maddi töhfələr verən şəhərlər üçün ictimai mükafatlar sisteminin formalaşdırılması barədə də qərar verilib.
Qurumun baş katibinin birinci müavini Svetlana Smirnova dünyanın müxtəlif ölkələrində İkinci Dünya Müharibəsi tarixinin yenidən yazılması cəhdlərindən danışıb.
"Tarixə obyektiv və balanslı nəzər salmaq və irəli getmək lazımdır. Eyni zamanda, bütün müttəfiqlərin rolu haqqında danışmalıyıq. SSRİ xalqlarının töhfəsi ilə yanaşı, Çinin və Hindistanın Qələbədəki rolunu da qeyd etməliyik" , - deyə Smirnova bildirib.
"Bakı bəzi demaqoq səbəblərə və bəhanələrə görə "Qəhrəman Şəhər" titulundan haqsız olaraq məhrum edildi. Burada döyüşlərin getmədiyi və hərbi əməliyyatların olmadığı deyildi. Ancaq hamı bilir ki, Bakı olmasaydı, biz bu gün "birlikdə qalib gəldik" ifadəsini işlədə bilməzdik", - bu sözləri isə Azərbaycanın tanınmış rejissoru, Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti Vaqif Mustafayev deyib.
Mustafayevin sözlərinə görə, müxtəlif bəhanələrə qarşı o fakt əsas arqument ola bilər ki, müharibə illərində Bakı ələ keçiriləcəyi təqdirdə məhv edilmək məqsədilə minalanmış yeganə şəhər idi.
Tədbirdə Rusiya Cəmiyyətinin Tədqiqatçılar Assosiasiyasının prezidenti Gennadi Bordyuqov Azərbaycan və Rusiya alimləri, İkinci Dünya müharibəsi tədqiqatçıları arasında aparılan araşdırmalarla bağlı məlumat çatışmazlığının aradan qaldırılmasının vacibliyindən danışıb.
"Azərbaycanlı alimlərin və xadimlərin gördüyü işlər Rusiyada az məlumdur. Bu biliklərin yayılması vacibdir. Onların dünyanın müxtəlif ölkələrində topladıqları məlumatlar, həyata keçirdikləri axtarış işləri haqqında bilmək vacibdir", - Bordyuqov deyib.
O, İkinci Dünya Müharibəsi illərində həlak olanların məzarlarının reyestrini yaratmaq, onları qorumaq üçün YUNESKO ilə əlaqə qurmaq və mümkün qədər onları Ümumdünya İrs Siyahısına saldırmaq ideyasını da irəli sürüb.