Leysan yağışları can alır

Şəhərdə baş verən daşqınlar zamanı tələf olan heyvanların leşləri suda qaldığı üçün epidemiya yayılması ehtimalı var
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Hindistanda aramsız yağan leysan yağışları onlarla insanın ölümünə səbəb olub.

Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, Bihar əyalət rəhbərliyinin açıqlamasına görə, şənbə günü başlayıb, çərşənbə axşamına qədər davam edən yağışlarda 55 nəfər ölüb. Bildirilib ki, aradan iki gün keçməsinə baxmayaraq, Patna şəhərində sular hələ çəkilməyib.

Şəhərdə baş verən daşqınlar zamanı tələf olan heyvanların leşləri suda qaldığı üçün epidemiya yayılması ehtimalı var. Sel suları əyalətin 15 bölgəsindəki 959 kəndi su altında qoyub. 2 milyon 145 min nəfər zərər görüb. Təkcə Patna şəhərindən 4 min nəfər təxliyə edilib.

Rəsmi məlumatlara görə, bu il ölkədə son 25 ilin ən şiddətli leysan yağışları müşahidə edilib. İyun ayından sentyabr ayının sonuna kimi leysan yağışlarından ölkədə 1673 nəfər dünyasını dəyişib.

Xilasetmə qrupları vətəndaşları xilas etmək üçün fasiləsiz çalışır.