BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanın vergi orqanları Azərbaycan vətəndaşlarının İsveçrə banklarındakı hesabları ilə bağlı müvafiq informasiyaları ala biləcəklər.
İsveçrə parlamenti müvafiq sazişlər imzaladığı 36 dövlətdən əlavə, 19 ölkəyə, o cümlədən Azərbaycana bank və vergilərlə bağlı informasiya verməyə başlamağa dair qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İsveçrənin "Swissinfo" onlayn nəşri yayıb.
Azərbaycan və İsveçrə arasında faktiki bank və vergi məlumatları mübadiləsi 2021-ci ildə başlayacaq.
Nəticədə, İsveçrənin təxminən yüz dövlətlə avtomatik vergi və maliyyə məlumatları mübadiləsi ilə bağlı fəaliyyət göstərəcəyi gözlənilir.
Bu qərar, sözügedən ölkədə vergidən yayınma ilə mübarizə bank sirrindən üstün tutulduğuna görə qəbul edilib. 2014-cü ildə "Böyük iyirmilik" (G20) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının dəstəyi ilə bütün növ maliyyə cinayətlərinə, o cümlədən çirkli pulların yuyulmasına və vergidən yayınmağa qarşı yeni standartlar hazırlayaraq qəbul edib. Bu standartların əsasını bank, vergi və digər müvafiq məlumatların avtomatik mübadiləsi mexanizmi təşkil edir.
Yüzə yaxın dövlət bu standartları tətbiq etmək qərarına gəlib və onlardan bəziləri 2017-ci ildən etibarən avtomatik olaraq məlumat mübadiləsinə başlayıb.
Beləliklə, söhbət aşağıda qeyd olunan məlumatlardan gedir: hesab nömrələri, vergi ödəyicisinin eyniləşdirmə nömrələri (VÖEN), vergi rezidentinin adı, soyadı, ünvanı, doğum tarixi, gəlir növləri və vergi məlumatlarının verildiyi tarixdə hesabın vəziyyəti.
Azərbaycanla yanaşı, 2021-ci ildən etibarən Çin, Səudiyyə Ərəbistanı, Livan, Pakistan, Qazaxıstan, Qana, Nigeriya və Kolumbiya da İsveçrədən bank məlumatlarını alacaqlar.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin məlumatına görə, Avropa Şurasının Çirkli Pulların yuyulmasına Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi Komitəsi (MONEYVAL) Azərbaycanın çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət qiymətləndirir.