CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir müavini gənclərlə bağlı dövlət proqramının əsas istiqamətlərini açıqladı

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyir ki, hər bir dövlət proqramında Azərbaycan gənclərinin vətənpərvərlik baxımından tərbiyəsi birinci yerdə dayanır
Sputnik

Biz gənclərin məşğulluğuna müsbət təsir edə biləcək proqramlar çərçivəsində onların müxtəlif ixtisaslara cəlbi üçün kurslar təşkil edirik. Tələblərə uyğun olaraq, Gənclər evlərinin bazasında müxtəlif ixtisasartırma, dil, kompüter bilikləri, inkişafa yönəlmiş kurslar təşkil olunur. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclasında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

“Bu, gənclərlə bağlı sayca 3-cü dövlət proqramıdır. Hazırkı proqram bundan əvvəlkindən istiqamətlərinə görə fərqlənir. Burada yeni istiqamətlər, gənclik və yeni texnologiyalar, gənclərin gender məsələləri, onların ekoloji maarifləndirilməsi və digər məsələlər daha geniş şəkildə öz əksini tapıb. Amma ana xətt olaraq təbii ki, hər bir dövlət proqramında Azərbaycan gənclərinin vətənpərvərlik baxımından tərbiyəsi birinci yerdə dayanır. Gənclərimizin ictimai fəallığının artırılması, ölkədə gedən islahatlarda, müxtəlif layihələrdə iştirakına maksimum imkan yaratmaq, potensiallı yaradıcı gənclərin aşkar olunmasına şərait yaratmaq, beynəlxalq münasibətlər sistemi kimi məsələlər sosial proqramlarda öz əksini tapır. Hazırkı dövlət proqramı uğurla icra olunur. Sevindirici məqam budur ki, demək olar, Azərbaycanın bütün bölgələri bu proqram çərçivəsində keçirilən tədbirlərdə əhatə olunub”, - deyə nazir müavini bildirib.

İntiqam Babayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz