İQTİSADİYYAT

Azərbaycanda kənd təsərrüfatı sahəsində bir ilk həyata keçiriləcək

Yarmarkanın məqsədi toxum bazarının formalaşması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin kecirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmərlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq "Respublika toxum sərgi-satış" yarmarkası keçiriləcək.

Bu barədə nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Oktyabrın 4-də Hacıqabul rayonunda keçiriləcək yarmarkada Aqrar Xidmərlər Agentliyinin rəhbərliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edəcəklər.

Yarmarkanın keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin kecirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Sərgidə əsasən dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək.

Sərgi çərcivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.