CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar hamınızın qapısını döyəcəklər – Hazırlıq işləri tam başa çatdırılıb

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. "1-10 oktyabr 2019-cu il tarixlərində ölkədə keçiriləcək əhalinin növbəti siyahıyaalınması ilə bağlı bütün hazırlıq işləri tam başa çatdırılıb".

Statistika Komitəsi əhali artımı ilə bağlı məlumat yaydı

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının binasında keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. Komitə sədrinin sözlərinə görə, ölkənin ərazi vahidləri üzrə təşkilati planlar tərtib olunub: "Bunun nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb. Siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsi və onların təlimatlandırılması başa çatdırılıb".

Komitə sədri əlavə edib ki, Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar, Ədliyyə, Səhiyyə, Təhsil nazirliklərinin, Dövlət Təhlükəsizlik, Miqrasiya, Sərhəd xidmətlərinin tabeliyində olan rejimli obyektlərdəki şəxslərin, xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının siyahıyaalınması məqsədilə metodoloji və digər sənədlər, əyani vəsaitlər, dəftərxana ləvazimatları aidiyyəti dövlət qurumlarına çatdırılıb: "Müstəqillik dövründə sayca üçüncü dəfə keçirilən siyahıyaalmanın sorğu vərəqəsində altsuallarla birlikdə 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla, ümumilikdə 52 sual öz əksini tapıb. Siyahıyaalma suallarına verilən dolğun və düzgün cavablar hər şeydən əvvəl bir vətəndaşlıq borcudur. Çünki siyahıyaalmadan əldə olunacaq məlumatlar ölkəmizin gələcək inkişafı məqsədilə qəbul ediləcək qərarlar üçün əsas informasiya mənbəyi olacaq".