BAKI, 1 oktyabr — Sputnik. Bu gündən Azərbaycanda əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib.
Sputnik Azərbaycan xəbər verir ki, ölkəmizdə əmək pensiyasının minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılıb.
"Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Qeyd edək ki, minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb və həmin artım 233 min vətəndaşı əhatə edib.
Oktyabrın 1-dən isə pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək.