CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Proqram hazırlanacaq, milli parklar inkişaf etdiriləcək

Beş-on il əvvəl bütün milli parklara il ərzində səfər edənlərin sayı təxminən 3000 nəfər olub. Bu ilin ilk 8 ayında isə milli parklara 74 217 turist səfər edib
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. "Ölkənin milli parklarının inkişafı üzrə Milli Proqram hazırlanacaq". Bunu jurnalistlərə "Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən "dəyirmi masa"da ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O qeyd edib ki, milli parklara səfər edənlərin sayını artırmağın yollarını fikirləşmək və bu sahədəki boşluqları müəyyən etmək lazımdır. "Nəzərə alaq ki, 5-10 il əvvəl bütün milli parklara il ərzində səfər edənlərin sayı təxminən 3000 nəfər olub. Bu ilin ilk 8 ayında isə milli parklara 74 217 turist səfər edib".

H.Əlizadə bildirib ki, bu il milli parklara səfər edənlərin 7286-sı əcnəbi, 66 931-i yerli vətəndaşlar olub. Onun sözlərinə görə, ekoturizmi inkişaf etdirməklə həm ölkəmizi daha çox tanıda, həm də ölkənin gəlirlərini artıra bilərik.