Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 30 sentyabr — Sputnik. Adət etmişik ki, "keyfiyyətli balın müştərisi qapıda olar"... Amma bir neçə ildir ki, keyfiyyətli bal almaq üçün dağa-daşa düşməyə ehtiyac qalmayıb. Demək olar ki, hər il paytaxtda təşkil edilən arıçılıq məhsullarının satış yarmarkasına müxtəlif bal çeşidləri çıxarılır. Artıq iki gündür ki, Bakıda arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası işə başlayıb. Sputnik Azərbaycan-ın əməkdaşı arıçılıq məhsullarının satış yarmarkasının təşkil olunduğu Tofiq Bəhramov adına Respublika stadionunda olaraq yarmarkada ab-havanı müşahidə edib...
Əvvəlki illərdə keçirilmiş arıçılıq məhsullarının satış yarmarkasından fərqli olaraq, bu dəfəki yarmarkada təşkilatçılığın yüksək səviyyədə olduğu göz qabağında idi. Yarmarkaya müxtəlif bölgələrdən arıçılıq məhsulları çıxarılmışdı. Öz məhsullarını satışa çıxaran arıçılar da yubiley yarmarkasının təşkilatçılığından məmnun oluqlarını dilə gətirdilər.
Əslən Tərtər rayonundan olan arıçı Oruc Əliyev bu il yarmarkanın yüksək səviyyədə təşkil olunduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, indiyədək dəfələrlə arıçılıq məhsullarının satış yarmarkasında iştirak etsə də, təşkilatçılıqdan heç vaxt budəfəki qədər qalmayıb: "Bu yarmarkada iştirak mənim üçün fəxrdir. Çünki bizim yarmarkamızın işə başlamasından 20 il ötür. O ki qaldı yarmarkada təşkilatçılığa, ona da söz ola bilməz. İlk dəfə idi ki, biz Bakıya gəlmədən yarmarkada iştirak üçün onlayn qeydiyyatdan keçdik. Deyim ki, budəfəki yarmarka satışa çıxarılan balların keyfiyyətinə görə də fərqlənir. Burada keyfiyyətsiz baldan söhbət gedə bilməz. Gətirdiyimiz ballar laboratoriyada yoxlanılıb".
O. Əliyev bircə alıcı qıtlığından narahat olduğunu söyləyir. Arıçı deyir ki, yarmarkada satılan balların keyfiyyəti yüksək olsa da, nədənsə alıcı azdır:
"Yarmarkaya 250 kiloqram balla qatılmışam. 35 arı ailəm var. Buraya gələndə inanırdım ki, ilk günlərdən balın xeyli hissəsini satacam. Amma gördüyünüz kimi, alıcı görəndə sevinirik. Gətirdiyim baldan bu iki gündə 10 kiloqramını ancaq sata bilmişəm".
Yarmarkada iştirak edən digər arıçı Məhəmməd Məhəmmədov isə yarmarkaya 150 kiloqram bal gətirib. Amma bu günə kimi iki kiloqram bal satıb. Həmsöhbətimiz deyir ki, yarmarkaya çıxarılan ballar keyfiyyətli olsa da, alıcıların balın keyfiyyətinə inamı azdır: "Görünən dağa nə bələdçi? Alıcıları barmaqla saymaq olar. Yəqin ki, hələ də yarmarkada satılan balın keyfiyyətinə şübhə edənlər var. İki günə iki kiloqram bal satmışamsa, deməli, alıcılarda keyfiyyətə inam yarada bilməmişik. Halbuki, balların keyfiyyətinə bu il çox ciddi nəzarət olub. Heç kəs deyə bilməz ki, yarmarkaya keyfiyyətsiz məhsul keçirdib".
Həmsöhbətimiz deyir ki, son illər Azərbaycanda arıçılıq təsərrüfatların sayının artması da bal satışına təsir edir.
Arıçı ilə söhbət zamanı öyrənirik ki, balların bütün çeşidləri yaxşı olsa da, ən bahalısı çökə və şabalıd balıdır. Ümumilikdə isə yarmarkada satılan balların bir kiloqramının qiyməti 20-30 manat arasında dəyişirdi: "Ən yaxşı bal dağlıq ərazilərin balı sayılır".
Yarmarkada həmsöhbət olduğumuz Rəna Cənnətova adlı alıcı qiymətlərin münasib olduğunu söyləyir: "Ötən il yarmarkadan aldığım balın keyfiyyətindən o qədər də razı qalmadım. Bu il isə keyfiyyətə nəzarətin ciddi olduğunu eşidib gəlmişəm. İki kiloqram meşə balı almışam. Amma təmiz cökə balı hələ tapa bilməmişəm".
Alıcı balın bir kiloqramını 25 manata aldığını söylədi.
Arıçı İbad Əfkərov isə alıcı qıtlığının yarmarka barədə əhalinin məlumatsız olduğundan qaynaqlandığını söyləyir: "Bu yamarkaya qədər başqa ölkələrin balının sərgi-satış yarmarkasını keçirtdilər. Həmin yarmarkada bal satışı aylarla reklam olundu. Bizim yarmarkada isə alıcı təkəmseyrəkdir.
Alıcı az olanda yarmarkada iştirak etmək bizə də sərf etmir. Məsələn, mən yarmarkaya 300 kiloqram bal gətirmişəm. Təkcə yer üçün 150 manat pul ödəmişəm. Amma bu günə kimi 6 kiloqram bal satmışam. Yarmarkada iştirak edən digər arıçılar da yer haqqı və laborator analizlərə 300 manat pul xərcləyiblər. Belə getsə, deyəsən, xərcimizi çıxarda bilməyəcəyik.
Burada elə arıçılar var ki, heç siftə etməyiblər. Amma yarmarkada təşkilatçılıq çox yüksək səviyyədədir. İndiyədək bizə bal satışı üçün belə rahat şərait yaradan olmayıb".
Arıçı Rahim Mustafayev İsmayıllıdan yarmarkaya 200 kiloqram bal gətirsə də, ondan 10 kiloqramını satıb. Amma arıçılar arasında yarmarkada bal satışının gedişatından razı qalan da var. Astaranın Şüvi kənd sakini Bünyadov Bəqəli 400 kiloqram baldan 30 kiloqramını iki günün içərisində satdığını söyləyir. O, bu yarmarkanın keçirilməsinin arıçılara öz məhsullarını satmağa fürsət verdiyini söylədi.
Arıçılarla söhbət zamanı məlum oldu ki, yarmarkaya gətirilən ballar keyfiyyətcə ötən illərdən müsbət mənada fərqlənsə də, alıcı azdır.
Amma yarmarkanın oktyabrın 18-dək davam edəcəyini nəzərə alsaq, arıçıların öz məhsullarını satmaq üçün hələ kifayət qədər vaxtları var. Diqqət çəkən əsas məqamlardan biri də yarmarkanın keçirildiyi məkanda təhlükəsizliyə kameralar vasitəsilə nəzarətin təmin olunmasıdır. Yarmarkanın yanında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyası da fəaliyyət göstərir. Laboratoriyanın adının çəkilməsini istəməyən əməkdaşı bildirdi ki, bu gün ərzində 3 kiloqram balı alıcının tələbi ilə yenidən yoxlayıblar: "Biz səyyar laboratoriyanı qurmuşuq ki, alıcı balın keyfiyyətindən narazılıq etsə, yenidən yoxlayaq".
Arıçılar isə səyyar laboratoriyada balın təkrar yoxlanılmasına qarşı çıxmadıqlarını söyləyirlər. Arıçı O. Əliyev deyir ki, alıcı tələb etdikdə balı təkrar yoxladırlar. Amma gərək laboratoriyanın pulunu alıcı özü ödəsin.
Qeyd edək ki, yarmarkaya qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsulları "Aqrar Tədarük və Təchizat" ASC-nin anbarında qəbul edilib. Məlumata görə, əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Yarmarkada yalnız yüksək keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə verildiyi bildirilir. Ümumilikdə, qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını anbara təhvil verib.
Qeyd edək ki, builki yarmarka innovativ yenilikləri ilə ötən ilkilərdən fərqlənir. İlk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilib. Eyni zamanda, arıçılar iştirak üçün tələb olunan ödənişi bank vasitəsilə həyata keçirib. Bu il tətbiq edilən növbəti yenilik isə satışına icazə veriləcək hər bir məhsulun qablaşmasının üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənmək imkanı əldə ediblər.
P.S. Təəssüf ki, bu reportaj hazırlanarkən bəzi xoşagəlməz məqamlar yaşanıb. Onların səbəbi isə əlaqədar qurumların əməkdaşlarının öz işlərini bilməməsidir. Maraqlıdır ki, işlərini bilməyən bu şəxslər əksinə, bizim əməkdaşımıza jurnalist peşəsini öyrətməyə girişiblər. Nə demək olar? Siz öz işinizi yerinə yetirərkən o jurnalist xanımın göstərdiyi peşəkarlığın yüzdə birini nümayiş etdirsəniz, hər kəs sizdən razı qalar. Hələlik bu qədər...