BAKI, 30 sentyabr — Sputnik. YUĞ Dövlət Teatrı yeni mövsümü sentyabrın 28-də V.Şekspirin "III Riçard" əsərinin motivləri əsasında hazırlanmış "Lənət" tamaşasının premyerası ilə açıb.
Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq Artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə YUĞ Teatrının aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.
Kollektiv V.Şekspirin "III Riçard" əsərini yeni səhnə quruluşunda təqdim edib. "Lənət" adı ilə təqdim olunan səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoqinya York, Riçardın anası, Kölgə) çıxış ediblər.
Tamaşadan sonra Mədəniyyət naziri Əbülfəs Qarayev kollektivi təbrik edib və uğurlar arzulayıb.