CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmi deyil - hər kəs danışa biləcək - FOTO

"Assambleya böyük Avrasiya materikinin insanlarını rəsmi deyil, birbaşa, kommersiya və qeyri-kommersiya əlaqə kanalları vasitəsilə birləşdirir"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Bu gün Bakıda "Avrasiya Xalqları Assambleyası" Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqının İcraçı Katibliyinin Prezidiumunun geniştərkibli iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Muğam Mərkəzində baş tutan iclasda assambleya üzvləri ilə yanaşı, Azərbaycanda akkreditə olan diplomatik korpusun nümayəndələri, səfirlər, QHT nümayəndələri, yazıçılar və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təşkilatın icraçı katibinin birinci müavini Svetlana Smirnova xatırladıb ki, iki il əvvəl baş tutan təşkilatın ilk qurultayına 68 ölkədən nümayəndə heyəti qatılmışdı: "BMT kvalifikasiyasına görə, Avrasiya regionunda 105 ölkə var və təşkilat bu ölkələrin hamısı ilə işləyir. Hazırda 44 ölkədən nümayəndə təşkilata üzvdür. Avrasiya Xalqları Assambleyası təşkilatının məqsədi dostluq və əməkdaşlıq ideyasının yayılması, milliyyətindən və inancından asılı olmayaraq Avrasiya xalqlarını bir araya gətirməkdir".

Rəsmi deyil - hər kəs danışa biləcək - FOTO

Smirnova vurğulayıb ki, Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günləri çərçisində mədəniyyət, təhsil, gənclər arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılacaq: "Sabah Bakıda Avrasiya məkanında biznes sahəsində əməkdaşlığa dair beynəlxalq forum da keçiriləcək".

Təşkilatın icraçı katibinin birinci müavini xatırladıb ki, sabahdan oktyabrın 4-dək Bakıda IV "LiFFt" Avrasiya Ədəbiyyat Festivalı keçiriləcək:

"Festivala Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyil. Çünki ötən il Soçidə baş tutan III "LiFFt" Avrasiya Ədəbiyyat Festivalında keçirilən müsabiqədə azərbaycanlı yazıçı Varis Yolçuyev qalib gəlib. Reqlamentə görə isə qalib gələn yazıçı hansı ölkədəndirsə növbəti il festival məhz həmin ölkədə keçirilir. Bu il baş tutacaq festivala yalnız Avrasiya məkanından deyil, həm də Birləşmiş Ştatlar, Kanada, Kolumbiyadan da olmaqla 55 ölkədən dünyaca məşhur yazıçılar qatılacaqlar".

Daha sonra çıxış edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Assambleyanın olduqca əhəmiyyətli bir missiya həyata keçirdiyini vurğulayıb: "Assambleya böyük Avrasiya materikinin insanlarını rəsmi deyil, birbaşa, kommersiya və qeyri-kommersiya əlaqə kanalları vasitəsilə birləşdirir. Mən Assambleyanın planları ilə tanış oldum. Bu planlara mədəniyyət sahəsindən elmə, politologiyadan iqtisadiyyat sahəsində əməkdaşlığa dair bir sıra layihələrin həyata keçirilməsi daxildir. Bax məhz bu geniş palitra da insanları cəlb edir. Bu anlamda biz özümüzü hansısa rəsmi bir çərçivə ilə məhdudlaşdırmırıq, əksinə, bizi böyük Avrasiya məkanında birləşdirən və birləşdirəcək mövzular ətrafında danışmaq imkanı əldə edirik. Məni həm də Assambleyanın nümayəndə heyətinin tərkibində ən müxtəlif ölkələrdən, ən müxtəlif sahələrdən olan insanların olması sevindirir".

Rəsmi deyil - hər kəs danışa biləcək - FOTO

Sonda səfir Avrasiya Xalqları Assambleyası günlərinin iştirakçılarına uğurlar arzulayıb.

Muğam Mərkəzinin direktoru Murad Hüseynov iclas iştirakçılarını salamlayıb və qonaqları Azərbaycan musiqisi, musiqi alətlərinin tarixi barədə məlumatlandırıb.

Rəsmi deyil - hər kəs danışa biləcək - FOTO

Bundan sonra təşkilatın gündəliyində olan məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

Xatırladaq ki, "Avrasiya Xalqları Assambleyası" Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı 30 sentyabrdan 5 oktyabradək Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günləri keçirəcək.

Avrasiya Xalqları Assambleyası Böyük Avrasiyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi və xalq diplomatiyasının alətləri vasitəsilə sülhməramlılıq, mədəni-humanitar və iqtisadi əməkdaşlığın, millətlərarası və dinlərarası dialoqun genişləndirilməsi, biznes tərəfdaşlığının inkişafı, yeni işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsi sahəsində aktiv fəaliyyət göstərir.

Avrasiya Xalqları Assambleyası ən geniş dialoqa və qarşılıqlı fəaliyyətə açıqdır. Avrasiya Xalqları Assambleyasının fəaliyyət planına Böyük Avrasiya ölkələrindəki müxtəlif layihə və tədbirlər daxildir. Fransa, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Bolqarıstan, Monqolustanda uğurla keçirilən Avrasiya Xalqları Assambleyası Günlərinin keçirilməsi təcrübəsi özünü müsbət tərəfdən göstərib.

Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günləri çərçivəsində Avrasiya Xalqları Assambleyası Ali Şurası Rəyasət Heyətinin genişləndirilmiş iclası, "İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq" Beynəlxalq İctimai Forumu, "Birlikdə qələbə qazanmışıq" Festivalının filmlərinin nümayişi, "İdman millətləri birləşdirir" dəyirmi masası, Avrasiya Dostluq Axşamı, "Avrasiya məkanında işgüzar əməkdaşlığın perspektivləri" beynəlxalq biznes forumu, "Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq" dəyirmi masası, LİFT-2019 festivallarının IV Avrasiya ədəbi festivalı, Avrasiya təhsil forumu, "Avrasiyanın yeni nəsli" Gənclər forumu və digər tədbirlər keçiriləcək.

Bundan əlavə, sentyabrın 30-dan oktyabrın 4-dək Bakıda IV "LiFFt" Avrasiya Ədəbiyyat Festivalı keçiriləcək. Festival təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur. Layihənin Azərbaycan tərəfdən təşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, nazirliyin "Söz" ədəbi layihəsi və Bakı Kitab Mərkəzidir. Festival BMT-nin himayəsi altında keçirilir. Festivalda ədəbiyyatın bütün mövzuları üzrə 7 plenar iclas olacaq.