Bu millət vəkilləri plenar iclasda iştirak etmirlər - SƏBƏB

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "Azərbaycanda qadın seçki hüququnun 100 illiyi" mövzusunda tədbirlər keçiriləcək
Sputnik

BAKI, 30 sentyabr — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün oktyabrın 7-dək Strasburqda səfərdə olacaqlar.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elşad Həsənov daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada Ombudsman institutlarının vəziyyəti, Avropa Şurasının İnkişaf Bankı, Terror qurbanlarının qorunması və dəstəklənməsi, Şimali Makedoniya ilə post-monitorinq dialoqu, Moldovada demokratik institutlar, Yəhudi mədəni irsinin qorunub saxlanması və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "Azərbaycanda qadın seçki hüququnun 100 illiyi" mövzusunda tədbirlər də keçiriləcək.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.