BAKI, 29 sentyabr — Sputnik. Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa iki illik hakimiyyət dövründə rusiyalı həmkarı Vladimir Putinlə dost olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Bloomberg Businessweek yazıb.
Nəşr bildirir ki, prezident olduğu dövrdə Ulan-Batorla Moskva arasında iqtisadi cəhətdən aktiv qarşılıqlı münasibətlərin olmamasına baxmayaraq, Battulqa Rusiya Prezidenti ilə bir neçə dəfə görüşərək onunla ünsiyyət yaratmağa çalışıb. Onların son görüşü sentyabrın əvvəlində Monqolustanın paytaxtında baş tutub.
Battulqa Rusiya ilə sıx münasibətlərin vacib olduğunu qeyd edib: "Biz, neft və elektrik enerjisi sahəsində, demək olar ki, tamamilə Rusiyadan asılıyıq".
Məqalə müəllifi yazır ki, Battulqadan əvvəlki prezidentlər ABŞ-la münasibətlərin qurulmasına daha çox diqqət ayırırdılar.
The Bell-in yazdığına görə, Putinlə 56 yaşlı Battulqanı sadə ailədən olmaları, eləcə də sambo və cüdo həvəskarlığı birləşdirir.
Xaltmaaqiyn Battulqa 2017-ci ilin iyulunda Monqolustanda prezident seçkilərində qalib gəlib. O, namizədliyini müxalif Demokratik Partiyadan verib. Bundan əvvəl isə öncəki hökumətdə sənaye, kənd təsərrüfatı, yol və nəqliyyat naziri vəzifəsini icra edib, millət vəkili olub. Dövlət qulluğundan əvvəl isə bizneslə məşğul olub. 1980-ci illərdə isə Monqolustanın sambo və cüdo üzrə millisinin tərkibində sambo üzrə dünya çempionu olub.