BAKI, 29 sentyabr — Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Avropada yerləşən nüvə ölkəsini ABŞ-a müqavimət göstərə bilməməkdə qınayıb.
"Avropada BMT Təhlükəsizlik Şurasının üzvü olan və nüvə silahına sahib olan bir ölkənin prezidenti ilə söhbətlərimiz zamanı o bizə cavab verir ki, (ABŞ Prezidenti Donald Tramp tərəfindən) icazə olmasa, iş görə bilməz", - İRAN XİN nazirin sözlərini sitat gətirib.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, Zərif haqqında danışdığı ölkənin adını açıqlamayıb. Ancaq son zamanlar İranın Fransa Prezidenti Emmanuel Makronla nüvə razılaşması üzrə aktiv danışıqlar apardığı bəllidir.
Frankfurtda çıxış edərkən Zərif qeyd etmişdi ki, Avropa ölkələri son vaxtlar ABŞ-la yaxınlaşdıqlarına görə ona qarşı çıxa bilmirlər və beləliklə, "öz nüfuzlarının qalıqlarını qorumağa" çalışırlar.
"Avropa artıq beş aydır ki, İrana Hərtərəfli Birgə Fəaliyyət Planında qalmaq üçün İran neftinin satışının ekvivalenti qədər ssuda verməyə çalışır, amma heç bir iş görə bilməyib", - deyən nazir bunu avropalıların "öz təhlükəsizlikləri naminə öz pullarını xərcləmək üçün sahiblərindən icazə ala bilməmələri" ilə izah edib.