CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vacib qazıntı işlərinə başlanılıb – Tapıntılar böyük tarixi aşkara çıxaracaq

Ekspedisiyanın rəisi: “Əsas məqsədimiz Qusarın qədim tarixinin hansı dövrə aid olduğunu müəyyən etməkdir”
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Dünyanın ən qədim tarixə malik diyarlarından birinin Azərbaycan olduğunu söyləyənlər yanılmır. Vətənimizin hər daşının altında bir tarix yatır. İndiyədək aparılan qazıntılar zamanı xeyli tarixi abidə, arxeoloji tapıntı aşkar edilməsinə baxmayaraq, hələ də öyrəniləcək çox tarixi məkanlarımız vardır.

Öyrəniləcək məkanlardan biri də Qusar rayonundakı qədim tarixi insan məskənləridir. Qeyd edək ki, Qusar rayonunda Azərbaycanın qədim tarixinə işıq sala biləcək çoxlu sayda qəbirlər, tarixi abidələr mövcuddur. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Qusar rayonu ərazisindəki tarixi abidələr başqa rayonlara nisbətdə daha az öyrənilib. Bunu nəzərə alan Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu “Qusar arxeoloji ekspedisiya”sı yaradaraq 2017-ci ildən etibarən davamlı olaraq rayon ərazisində geniş arxeoloji tədqiqat işlərinin aparılmasına start verib.

Vacib qazıntı işlərinə başlanılıb – Tapıntılar böyük tarixi aşkara çıxaracaq

Qusar arxeoloji ekspedisiyasının əsas məqsədi rayon ərazisində yerləşən yeni arxeoloji abidələri aşkar etmək, Qusar rayonunun qədim tarixinin öyrənilməsi baxımından ən maraqlı və əhəmiyyətli abidələrin birində fundamental tədqiqat işləri aparmaqdır.

İlk arxeoloji qazıntılara başlanıldığı 2017-ci ildə tədqiqat işləri yalnız arxeoloji kəşfiyyat və axtarış işlərinə sərf olunub. 2018-ci ildə də bu işlər davam etdirilib, rayonun Zindanmuruq kəndi yaxınlığında olan qədim nekropolda arxeoloji qazıntı işləri də aparılıb və tarixi əhəmiyyətli nəticələr əldə edilib.

Bu il əvvəlki ərazilərdə qazıntı və kəşfiyyat işləri davam etdirilməklə bərabər, rayonun şimal-qərb hissəsində yerləşən Gədəzeyxur kəndi ərazisində olan Şamiltəpə qədim yaşayış yerində kəşfiyyat xarakterli qazıntı işləri aparılması barədə qərar verilib. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Qusar arxeoloji ekspedisiyasının rəisi Qəhrəman Ağayev məlumat verib.

Vacib qazıntı işlərinə başlanılıb – Tapıntılar böyük tarixi aşkara çıxaracaq

“Şamiltəpə yaşayış yeri Qusar rayonun Gədəzeyxur kəndinin 600-700 metr şimal-qərb hissəsində yerləşir. Bəzi qaranlıq məsələlərə aydınlıq gətirilməsi üçün təpənin şimal-şərq hissəsində 4x4 metr ölçüdə qazıntı sahəsi götürdük və nəticədə maraqlı məlumatlar əldə etdik . Belə ki, arxeoloji tədqiqatın nəticəsi olaraq məlum oldu ki, yer səthindən təxminən 5-7 metr hündürlükdə, təxminən 20-25 metr diametrində olan, el arasında yaşayış yeri adlanan bu təpə yaşayış yeri yox, qədim kurqan abidəsi olub. Bu bizim üçün həm maraqlı, həmdə qiymətli tapıntı idi. Qazıntı sahəsində aşkar edilən arxeoloji materiallar, o cümlədən keramika məmulatları və tikinti qalıqları bizə bəzi qənaətlərə gəlməyə əsas verir. Bu abidədə fundamental qazıntı işləri aparılması üçün xeyli vəsait lazım olduğuna görə institut rəhbərliyi qarşısında məsələ qaldırılması qərara alındı və yaxın zamanlarda qazıntının daha dərin şəkildə aparılmasına start veriləcək”, – deyə Q.Ağayev qeyd edib.

Ekspedisiyanın rəisinin sözlərinə görə, bu qazıntıların Qusar rayonunun tarixinin hansı dövrə gedib çıxması ilə bağlı ipucu verəcəyi gözlənilir: “Biz hər şeyi bir gündə öyrənə bilmərik. Bizə bunun üçün illər lazımdır. Gələn il bu qazıntının davamı edəcəyini deyə bilərəm. Bizim burada əsas məqsədimiz Qusarın qədim tarixinin hansı dövrə aid olduğunu müəyyən etməkdir”.