Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 28 sentyabr — Sputnik. Marşrut sahibləri sərnişin daşınmasında istismar etdiyi nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı törədilmiş yol-nəqliyyat hadisələrinin, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasından ibarət olan inzibati xətaların uçotunu aparmalı olacaqlar. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
O, bildirib ki, bu məsələ "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"də öz əksini tapıb. M. Ağayev bildirib ki, daşıyıcılar qarşısında istifadəsində olan nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri barədə həmin gün, nəqliyyat vasitələrindən istifadə ilə bağlı törədilmiş inzibati xətalarla bağlı isə ayda bir dəfə Bakı Nəqliyyat Agentliyinə məlumat vermək barədə də tələb qoyulub: "Daşıyıcı yol-nəqliyyat hadisəsinin və ya inzibati xətanın mahiyyəti, onun törədildiyi vaxt və yer, hansı nəqliyyat vasitəsindən istifadə ilə bağlı törədilməsi, həmçinin bu xətanı törədən sürücü barədə məlumatları tələb edilən müddətdə BNA-a verməlidir. Eyni zamanda, daşıyıcı sürücü qismində işə qəbul etdiyi hər bir şəxsin Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil olunan xüsusi hazırlıq keçməsini təmin etməli və belə hazırlığı keçməklə müvafiq sənəd əldə etməyən sürücünü avtobusun və taksinin idarə olunmasına buraxmamalıdır".
M. Ağayev bildirib ki, daşıyıcının işçi heyətinin tərkibinə daxil olan hər hansı sürücü nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edildikdə və ya onun bu hüququ məhdudlaşdırıldıqda, daşıyıcı bu barədə qərar və ya hökm qüvvəyə mindikdən sonra üç gündən gec olmayaraq Bakı Nəqliyyat Agentliyinə məlumat verməlidir.