CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bal yarmarkasına gətirilən keyfiyyətsiz məhsul aşkar edildi

Ümumilikdə yarmarkaya təqdim edilən ballardan 3241 nümunə götürülüb ki, onların da 562-si, başqa sözlə 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib
Sputnik

Paytaxt sakinlərinə jest: dörd gün yarmarka olacaq
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası işə başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sentyabrın 28-dən oktyabrın 18-dək Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilən yarmarkada satışa çıxarılan balların keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edir. Ümumilikdə, qeydiyyatı təsdiqlənən 347 arıçıdan 321 nəfəri məhsullarını anbara təhvil verib. Satışa çıxarılan balın ümumi həcmi 123 tondur. Ümumilikdə yarmarkaya təqdim edilən ballardan 3241 nümunə götürülüb ki, onların da 562-si, başqa sözlə 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib.

İlk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilib. Eyni zamanda, arıçılar iştirak üçün tələb olunan ödənişi bank vasitəsilə həyata keçirib. Bu il tətbiq edilən növbəti yenilik isə satışına icazə veriləcək hər bir məhsulun qablaşmasının üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə biləcəklər. Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə yarmarka günlərində onlayn sifariş xidməti də istifadəyə veriləcək.

Vətəndaşlar oktyabrın 5-dən www.bal.kendden.az saytına daxil olaraq iştirakçılar üçün yaradılmış profillərdən istifadə etməklə məhsul sifariş edə biləcəklər. Sifariş olunan məhsullar "Gənclik" və "Nəriman Nərimanov" metrostansiyaları yaxınlığına ödənişsiz, digər ərazilərə isə ödənişli şəkildə çatdırılacaq.