İQTİSADİYYAT

İbrahim Alışov: "Ölkədə mövcud olan 30 bankın 14-də xarici kapital dövriyyə edir"

Ümumilikdə ölkədə xarici kapitallı banklar tərəfindən inyeksiya edilən 1 milyard manatlıq vəsaitin 800 milyon manatı sırf xarici kapitaldır
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Ölkədə mövcud olan 30 bankın 14-də xarici kapital dövriyyə edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda çıxış edən Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədr vəzifəsini icra edən İbrahim Alışov deyib.

"Ümumilikdə ölkədə Avropa kapitallı 3 bankımız və 5 bank olmayan kredit təşkilatımız var. Ölkədə xarici kapitallı banklar tərəfindən inyeksiya edilən 1 milyard manatlıq vəsaitin 800 milyon manatı sırf xarici kapitaldır. Bu da cəlb olunmuş kapitalın təxminən 44%-ni əhatə edir", - deyə Alışov bildirib.

Fikirlərinin davamında Palata sədri qeyd edib ki, "Avropanın bank sektorunda ümumilikdə 153 milyon dollar həcmində kapitalı var. Təxminən 30 milyardlıq aktivi olan sektor üçün bu elə də pis göstərici deyil".