BAKI, 27 sentyabr — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar olaraq, sentyabr ayının 27-dən 28-nə keçən gecədən etibarən Nəsimi rayonu Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkr. dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq: "Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".