CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana altı ayda gələn turistlərin sayı açıqlandı

Dünya Turizm Günü ölkəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. 27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Sentyabrın 27-si Dünya Turizm Günüdür. Bu il Dünya Turizm Günü "Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək" şüarı altında keçirilir.

Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən verilən məlumata görə, son illər aparılan tədbirlər nəticəsində ölkəyə gələn turistlərin sayında da canlanma müşahidə olunur. 2018-ci ildə Azərbaycana gələn xaricilərin sayında 2017-ci illə müqayisədə 5.7 faiz artım olub. Eləcə də 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyona çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5 faiz çox qonaq deməkdir. Hədəf 2023-cü ilədək ölkəyə gələn turist sayını 2 dəfəyədək artırmaqdır.

Bakı israillilərin ən çox sevdiyi 10 şəhər siyahısında

Qeyd edək ki, bu il Dünya Turizm Gününün əsas tədbirlərinə Hindistanın Nyu-Dehli şəhəri ev sahibliyi edir. Orada keçirilən birgünlük konfransın sessiyalarında turizm sektorunun daha çox və yaxşı iş yerləri yaratmaq imkanı və bununla da dünyada hamı üçün daha yaxşı gələcək qurulmasına köməyi vurğulanacaq. Konfransda, həmçinin əmək bazarında və texnoloji sektorda baş verəcək dəyişikliklərin yaradacağı imkan və problemlər müzakirə olunacaq.

Xatırladaq ki, Dünya Turizm Günü ölkəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv kimi qəbul olunub. 27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən, Dünya Turizm Günü ölkəmizdə "Turizm işçiləri günü" kimi də qeyd olunur.