BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbul prosesi sürətləndirilib. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qurum tərəfindən bu ilin sentyabr ayının birinə olan məlumata görə 209 bina üzrə 13 274, təkcə avqust ayında isə 54 bina üzrə 1488 mənzilə qazın verilməsi təmin olunub.
Bu ilin may ayında isə istintaq zamanı sahibləri həbs edilmiş və ya sahibləri olmayan Mənzil Tikinti Kooperativlərinə (MTK) məxsus bir neçə yaşayış binasının təbii qazla təmin edilməsi üçün Prezident Administrasiyasından "Azəriqaz" İB-yə tövsiyələr daxil olub. Araşdırma ilə Xətai rayonunda "Elm İstehsalat Birliyi Texnologiyalar" binası, Abşeron rayonunda "Fuad MTK", Xətai rayonunda "Amil MTK", "Yüksəliş MTK", "Sahil-D MTK", Yasamal rayonunda "Yeni Yasamal MTK"-da qaz təminatı üzrə işlərin yarımçıq qaldığı məlum olub. Bəzi hallarda binadakı mənzillərin hamısında, bəzilərində isə bir qismində sayğaclar qoyulmamışdı. Bir binada isə ümumiyyətlə qazlaşmaya dair heç bir iş görülməyib. SOCAR rəhbərliyinin tapşırığı ilə bu ilin iyul ayından "Azəriqaz" İB-nin Təmir-Tikinti İdarəsi sahibləri həbs olunmuş və ya sahibləri olmayan MTK-lara məxsus yaşayış binalarının mənzillərinin qazlaşdırılmasını icra etməyə başlayıb. Ümumilikdə 816 mənzildən artıq 639 mənzil qazlaşdırılıb. Bu günədək 4 binada iş yekunlaşıb. Lakin bəzən mübahisəli mənzillərin (yəni bir mənzilin bir neçə adama satılması) qapısının bağlı olması işin gedişatına öz təsirini göstərir. Məsələn, ən az halda 6, ən çox halda isə 107 mənzilin qapısı bağlı olan binalar mövcuddur. Bu mənzillərin bir çoxunun sahibi Azərbaycanda deyil, ölkədən kənarda (əksəriyyəti Rusiya Federasiyasında) yaşıyır. Bir sözlə, qapısı bağlı 187 mənzil hələ ki, qazlaşmadan kənarda qalıb. 6 binadan birinə - Xətai rayonundakı "Yüksəliş MTK"-ya qaz verilib, abonentlər sayğacların kartları ilə təmin olunublar. Yerdə qalanların isə qaz verilişi üçün texniki-icra sənədləri hazırlanıb, baxılma mərhələsindədir. Onu da qeyd edək ki, qaz xətlərinin çəkilişi, sayğacların və 2 növ (qaz sızması və dəm qazı) detektorların quraşdırılması da daxil olmaqla bütün işlər dövlət hesabına görülür.