BAKI, 26 sentyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) metronun "Koroğlu" stansiyasının çıxışında indiyə qədər Nəqliyyat Mübadilə Mərkəzi (NMM) kimi istifadə etdiyi ərazi Milli Gimnastika Arenasına (MGA) təhvil veriləcək.
Bu barədə Sputnik Azərbaycan-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, həmin ərazi MGA-ya məxsus parklanma yeridir və indiyə qədər alınmış icazə əsasında müvəqqəti istifadə olunub. Ötən gün açılışı olmuş yeni NMM-nin bir həftədən sonra vətəndaşların istifadəsinə verilməsi gözlənilir. Bununla da, MGA-nın ərazisindən istifadə etməyə ehtiyac qalmayacaq.
Xatırladaq ki, yeni "Koroğlu" NMM ümumilikdə 3 hektar ərazidə yerləşir. Mərkəz Bakıətrafı kənd və qəsəbələrə hərəkət edən 30-dan çox marşrut xəttini özündə cəmləşdirəcək.