CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Proqram var, şərti yox, bəs maşını ilə vidalaşanı nə ilə ovudacaqlar?

Yararsız avtomobillərin utilizasiya proqramının icrası İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və bir neçə digər quruma həvalə edilib
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda 2019-2020-ci illər üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulub.

Hərracda "su qiyməti"nə avtomobillər satılacaq

Proqramın icrası isə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və bir neçə digər quruma həvalə edilib.

Proqramın əsas məqsədi Azərbaycanda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaqdır.

Qeyd edək ki, Rusiya Federasiyasında, eləcə də dünyanın bir çox ölkələrində avtomobillərin utilizasiyası proqramı var. Utilizasiya ölkədə avtomobil parkının əhəmiyyətli dərəcədə yenilənməsinə imkan verir.

Azərbaycanda isə köhnə avtomobillərin utilizasiyası ilə bağlı hələ ki heç bir sistem formalaşmayıb. Yəni bu prosesin reallaşa bilməsi üçün hələ konkret bir qərar yoxdur.

Sputnik Azərbaycan ölkədə köhnə avtomobillərin utilizasiyasının necə reallaşacağını öyrənmək məqsədi ilə araşdırma aparıb.

Nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu yaxınlarda "Təmiz Şəhər" ASC tender elan edib: "Tenderdə bir şirkət qalib gəldi və onlara utilizasiya ilə bağlı proqram layihəsi hazırlamaq həvalə edildi. Həmin proqram hazırlandıqdan sonra avtomobillərin utilizasiyası proqramı reallaşdırılacaq".

Ekspert bildirir ki, ilkin təklifə görə, avtomobillər istehsal edildiyi tarixə görə deyil, ümumi vəziyyətinə görə utilizasiya ediləcək. Çünki bu gün elə retro avtomobillər var ki, keyfiyyətli vəziyyətdə qalıb.

"Amma 2010-cu ilin elə avtomobili var ki, 4 dəfə qəza keçirib, ələ gələsi detalı yoxdur. Yəni ümumi yanaşma ilə və ya modelə görə maşın istifadədən çıxarılmamalıdır. Avtomobillər ümumi xarici görünüşünə görə, texniki müayinədən keçirildikdən sonra onların utilizasiyasına qərar verilə bilər. Daxili sistemi saz vəziyyətdədirsə, xarici görünüşündə olan qüsurların aradan qaldırılması mümkün olan avtomobillər istismar edilə bilər", - deyə Muradlı bildirib.

Onun sözlərinə görə, utilizasiya zamanı sürücülərə təklif ediləcək şərtlər hələ müəyyən edilməyib.

Ancaq E.Muradlı hesab edir ki, avtomobili utilizasiya ediləcək şəxslərə hər hansı bir kompensasiya ödənilməsi və ya onların xaricdən gətirəcəyi avtomobillər üçün gömrük rüsumunu sıfıra endirmək lazımdır: "Bəlkə, bu yolla insanları köhnə avtomobillərinin utilizasiya edilməsinə razı salmaq olar. Onu da qeyd edim ki, bu avtomobillərə bəzi insanlar iş yeri kimi baxırlar.

Xarici dövlət nömrə nişanlı avtomobil sürücülərinə bəd xəbər
 Yəni avtomobil olmasa, onlar dolana bilməzlər. Utilizasiya proqramı elə reallaşdırılmalıdır ki, bu insanlar işsiz qalmasınlar. Və onlara başa salmaq lazımdır ki, bu gün iş yeri kimi baxdığın avtomobil sabah sənə məzar ola bilər. Hesab edirəm ki, proqram qəbul edilməmişdən öncə onlara vəziyyət başa salınmalıdr. Maarifləndirmə işi aparılmalıdır ki, sabah hər-hansı vətəndaşın qapısı avtomobilinin utilizasiyası üçün döyüləndə problemlər yaşanmasın".

Xatırladaq ki, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi işləri üzrə məsləhət xidmətləri üçün elan etdiyi tenderin qalibi "Eko Enerji" MMC olub.

Bağlanmış müqaviləyə əsasən, "Təmiz Şəhər" ASC göstərilən işlər üzrə məsləhət xidmətləri üçün "Eko Enerji" MMC-yə 47 min 508 manat ödəyəcək.