QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İcma rəhbəri: “Ermənistanın işğalçı olduğu bir daha təsdiqləndi”

“Nikol Paşinyan anlamalıdır ki, münaqişənin yeganə həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində erməni və azərbaycanlı icmalarının bir yerdə ədalətli şəkildə yaşamasından ibarətdir”
Sputnik

BAKI, 25 sentyabr — Sputnik. “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirdiyi bəyanata münasibət bildirib.

Ukraynanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməzdir - Səfir

Sputnik Azərbaycan-ın məlumatına görə, o, "Nikol Paşinyanın bazar ertəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi açıqlama və ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzaya iradlar bildirməsi nə dərəcədə məntiqlidir" sualına belə cavab verib: "Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu bəyanatı ilə bir daha Ermənistanın işğalçı ölkə olduğunu təsdiqlədi. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza bildirmişdi ki, Paşinyanın “Qarabağ Ermənistandır” söyləməsi münaqişənin həlli ilə bağlı aparılan danışıqlara son deməkdir. Paşinyanın Metyu Brayzaya bu fikirlərinə görə irad bildirməsi Ermənistanın təcavüzkar siyasət yürütdüyünü nümayiş etdirir. Paşinyan bildirir ki, ilk erməni lideri olaraq münaqişənin həlli üçün həm Ermənistan, həm Dağlıq Qarabağ həm də Azərbaycan üçün məqbul olan həll variantına tərəfdardır. O, bununla Dağlıq Qarabağın azərbaycanlı icmasını görməməzlikdən gəlməklə, münaqişənin həllinə qarşı olduğunu gizlətmir.

Paşinyana tövsiyəm ondan ibarətdir ki, başqasını münaqişə ilə bağlı məlumatsız olmaqda ittiham etməkdənsə, özü 1992-ci ildə qəbul edilən ATƏT-in Helsinki sənədləri ilə yaxından tanış olsun. Əgər o həmin sənədlərlə tanış olsaydı görərdi ki, Dağlıq Qarabağın iki-yəni azərbaycanlı və erməni icmaları münaqişənin həllində maraqlı tərəflər kimi təsbit olunublar. Paşinyan son sözləri ilə göstərdi ki, münaqişə ilə bağlı Metyu Brayza deyil, məhz onun özünün məsələdən xəbəri yoxdur.

Nikol Paşinyan anlamalıdır ki, münaqişənin yeganə həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində erməni və azərbaycanlı icmalarının bir yerdə ədalətli şəkildə yaşamasından ibarətdir. Biz bu fikirləri dəfələrlə səsləndirərək həm beynəlxalq təşkilatların, həm də Dağlıq Qarabağda yaşayan ermənilərin diqqətinə çatdırmışıq.

Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etməsi hər an yetişə bilər - XİN

Digər bir tövsiyəm isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasınadır. Əgər Dağlıq Qarabağda yaşayan ermənilər cinayətkar xunta rejimindən qurtulmaq və Azərbaycanın suverenliyi çərçivəsində azərbaycanlı icma ilə birgə yaşamağa hazır olmayacaqsa, onda onları daha acınacaqlı gələcək gözləyir. Ermənistan rəhbərliyinin bu gün yürütdüyü siyasət Qarabağda yaşayan ermənilər üçün xoşbəxt gələcək vəd etmir. Nikol Paşinyanın sərsəm açıqlamaları məlumatsız, informasiya blokadasında olan erməni icmasını aldatmaq cəhdi kimi qəbul edilməlidir.

Bölgədə sülh və təhlükəsizlikdə, sözdə səsləndirilən iqtisadi inkişaf və tərəqqidə həqiqətən maraqlı olanlar anlamalıdırlar ki, münaqişənin sülh yolu ilə həlli və Dağlıq Qarabağın iki icmasının birgə yaşayışının bərpa olunması təmin olunmadan bunların heç birinə nail olmaq mümkün deyil. İşğalçı Ermənistan rəhbərliyi nə qədər tez bunu anlayacaqsa, bir o qədər tez bölgəmizdə ədalət, inkişaf və sabitlik bərpa olunacaq".